Ötən gün SOCAR-ın yaydığı rəsmi məlumata görə, ölkəmizdə “Aİ-95” markalı avtomobil benzini ucuzlaşacaq. Bu markalı benzinin bir litrinin qiymətinin 40 qəpik ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub. Ucuzlaşmaya isə iyulun 15-dən gediləcəyi vurğulanıb.
Bəs, “Aİ-95” markalı benzinin ucuzlaşmasının hansı müsbət təsirləri gözlənilir?
İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında bu markalı benzinin qiymətinin bir müddət əvvəl iki manata çatdırılmasının neftin qiymətinin 110-120 dollar olan vaxtlarına təsadüf etdiyini xatırladıb.
O, həmin dönəmdə qiymət artımının anlaşılan olduğunu söyləyib: “Amma sonradan neftin qiymətinin aşağı düşməsinə baxmayaraq hökumət addım atmaqda ləngiyirdi. Hökumət benzinin qiyməti artırılan zaman bunu onunla əsaslandırırdı ki, ölkədə “Aİ-95” istehsal edilmir və xaricdən alınır deyə mayasından ucuz satmaq da mümkün deyil. Əslində, bu markalı benzinin qiyməti bir il bundan qabaq aşağı salınmalı idi, amma bu, bir qədər gec baş verdi”.
İqtisadçı “Aİ-95” markalı benzinin qiymətinin ucuzlaşmasının müsbət tərəflərindən də danışıb. O vurğulayıb ki, “Aİ-95” markalı benzinlə “Aİ-92” markalı benzinin qiyməti arasındakı fərqin azalması birinciyə olan marağı artıracaq və ondan istifadəni stimullaşdıracaq:
“Çünki qiymətlərdə iki qat fərq, doğrudan da, çox böyük idi. İnsanlar məcburən “Aİ-92” markalı benzindən istifadə edirdilər. “Aİ-95” markalı benzinin istifadə olunması həm avtomobillərin özünə xeyirdir, onları sıradan çıxarmır, həm də ətraf mühit üçün faydalıdır. Bu baxımdan “Aİ-95”, yəni keyfiyyətli benzin nə qədər ucuz olsa, bir o qədər yaxşıdır. Bu baxımdan “Aİ-95”in ucuzlaşması alınma qiymətlərinə, xərclərinə uyğunlaşdırılması yaxşıdır. İnsanların daha yüksək keyfiyyətli benzindən istifadə imkanlarını genişləndirir”.
Xatırladaq ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
www.yenicag.az