Trampın siyasi kölgəsi, yoxsa dövlət katibi? — “O, artıq indidən prezidentlik yarışına başlayıb!”

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın səlahiyyət müddətinin başa çatmasına hələ iki il qalsa da, Vaşinqton kuluarlarında onu kimin əvəz edəcəyi ilə bağlı müzakirələr indidən qızışıb.

media-banner_tuq

Hazırda Trampdan sonrakı dövr üçün Respublikaçılar Partiyasının iki əsas favoriti ön plana çıxır: Dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens. Bəs Ağ Ev marafonunda kim daha şanslıdır?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən AĞ Partiyanın sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib ki, Donald Trampın 2028-ci il prezident seçkilərində yenidən namizəd olub-olmayacağı barədə bu gündən qəti fikir söyləmək hələ tezdir:

media-1740564977_cavansir

“Çünki Tramp hazırda növbəti dördillik prezidentlik dövrünü yaşayır və əsas hədəflərindən biri də ümumilikdə səkkiz illik prezidentlik tarixçəsini tamamlamaqdır. Bildiyiniz kimi, o, 2016-cı il seçkilərində qalib gələrək ABŞ prezidenti olub. Daha sonra seçkilərdə məğlubiyyət yaşasa da, 2024-cü ildə yenidən Ağ Evə qayıdıb. Beləliklə, hazırkı prezidentlik müddəti başa çatdıqdan sonra, fasilə ilə də olsa, ümumilikdə səkkiz il ABŞ-a rəhbərlik etmiş olacaq. 2028-ci ildə Trampın yenidən namizəd olub-olmayacağı ilə bağlı bu gün “bəli” və ya “xeyr” demək düzgün olmaz. Qarşıda hələ iki ildən artıq vaxt var. Bu müddət ərzində həm ABŞ daxilində, həm də beynəlxalq siyasətdə baş verəcək hadisələr vəziyyəti tamamilə dəyişə bilər. İran ətrafındakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi, digər beynəlxalq böhranların necə həll olunacağı, eləcə də 2026-cı il aralıq seçkilərinin nəticələri Trampın siyasi qərarlarına və Respublikaçılar Partiyasının gələcək strategiyasına birbaşa təsir göstərəcək. Hesab edirəm ki, həmin dövrə yaxın Respublikaçılar Partiyası daxilində geniş müzakirələr aparılacaq və yekun qərar da məhz bundan sonra veriləcək. Hazırkı mərhələdə isə Donald Trampdan sonra partiyanın ən güclü iki siyasi fiquru ABŞ-ın vitse-prezidenti Vens və dövlət katibi Marko Rubiodur. Mənim qənaətimcə, Vens hazırda Rubiodan bir addım öndə görünür. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Vens ABŞ-ın vitse-prezidentidir. Şübhəsiz, Marko Rubionun tutduğu dövlət katibi vəzifəsi də son dərəce mühüm və nüfuzlu postdur. Lakin vitse-prezident birbaşa Ağ Ev rəhbərinin ən çox etimad göstərdiyi siyasi fiqur hesab olunur. Məhz bu baxımdan Vens daha üstün mövqedə görünür.”

C. Abbaslı bildirib ki, Vensin son vaxtlar növbəti namizəd olmaq üçün yetəri qədər işlər gördüyünün şahidi olmaqdayıq:

“Ümumiyyətlə, onun son dövrlərdə nümayiş etdirdiyi siyasi fəaliyyət də bunu deməyə əsas verir. ABŞ üçün həyati əhəmiyyət daşıyan bir sıra məsələlərdə məhz Vensin ön plana çıxması diqqət çəkir. Bu mənada onu müəyyən mənada Donald Trampın siyasi kölgəsi və ya siyasi davamçısı kimi də qiymətləndirmək olar. Sadəcə bir faktı qeyd etmək kifayətdir. Vensin Azərbaycana səfəri zamanı onun davranışları geniş müzakirə olunurdu. Bir manyaları hesab edirdi ki, bu davranışlar onun artıq gələcək prezidentlik yarışına hazırlaşdığını göstərir. Eyni mənzərə İran ətrafında yaranmış gərginlik fonunda aparılan müzakirələrdə, eləcə də Pakistanla bağlı diplomatik proseslərdə də özünü göstərdi. Vensin bu proseslərdə ön planda yer alması belə bir təsəvvür formalaşdırırdı ki, o, tədricən özünü həm Amerika cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə gələcəyin ABŞ prezidenti kimi təqdim etməyə çalışır”.

Siyasi ekspert onu da diqqətə çatdırdı ki, ABŞ siyasəti hər zaman sürprizlərlə zəngin olub:

“Bu gün adları ön planda olmayan hər hansı bir siyasətçi də qısa müddətdə önə çıxaraq Respublikaçılar Partiyasının əsas namizədinə çevrilə bilər. Vaxtilə Donald Trampın özü də daha çox uğurlu biznesmen kimi tanınırdı və çox az adam onun ABŞ prezidenti seçiləcəyini proqnozlaşdırırdı. Lakin sonradan hadisələrin gedişi tamamilə fərqli oldu. Məhz buna görə də indiki mərhələdə 2028-ci il seçkiləri ilə bağlı qəti proqnoz vermək hələ tezdir. Ancaq bu gün Respublikaçılar Partiyasında namizəd müəyyənləşdirilsəydi, əsas favoritlərin Vens və Marko Rubio olacağı şübhə doğurmazdı. Həmin iki siyasətçi arasında isə hazırkı siyasi reallıq fonunda vitse-prezident bir qədər üstün görünür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05