İyunun 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbədənkənar sessiyada ilk iclası keçirilib.
Yenicag.az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını söyləyib.
O, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailələrdə sağlam mühitin yaradılması sahəsində mühüm qanunların qəbul edildiyini, dövlət proqramlarının həyata keçirildiyini söyləyib. H.Hüseynova bu gün təqdim olunan qanun layihələrində də ailə institutunun müdafiəsi ilə bağlı müasir tələblər zəminində Ailə Məcəlləsinə bir sıra önəmli düzəlişlərin təklif edildiyini bildirib.
Məsələlər barədə məlumat verən komitə sədri birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün Azərbaycan vətəndaşı ilə nikah bağlamağa qərar verirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun layihəsini təqdim edən H.Hüseynova bildirib ki, mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycanın səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmək üçün Azərbaycana gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.
Müzakirələrdə çıxış edənlər Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını, ailələrin sağlam təməllər üzərində qurulmasına xidmət etdiyini söyləyiblər. Deputatlar, həmçinin bir sıra qeydlərini və suallarını da səsləndiriblər.
Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev, Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsinin rəisi Hüseyn Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin aparıcı məsləhətçisi Nərgiz Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin yekununda Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
www.yenicag.az