Ali Kan: “Aramıza girmək istəyənlər hər zaman olacaq, əsas odur ki, bu oyunlara gəlməyək” - VİDEO

media-hightechnic-468x90

“Aramıza girmək istəyənlər hər zaman olacaq. Əsas olan bu oyunlara gəlməməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli jurnalist, “Time Media” şirkətinin direktoru Ali Kan deyib.

media-1736153909022

O, Azərbaycanın Qəzzaya sülhməramlı kontingent göndərməməsi ilə bağlı qərarı üzərindən müxtəlif qüvvələrin qurduğu manipulyasiyalar barədə fikirlərini bölüşüb.

Ali Kan bildirib ki, son günlər sosial mediada bu mövzuda məqsədli şəkildə aparılan təbliğat diqqət çəkir:

“Prezident İlham Əliyevin Fələstinlə bağlı söylədiyi fikirlər kontekstdən çıxarılaraq təhrif edilir və guya Azərbaycanın Fələstinə qarşı olduğu rəyi formalaşdırılmağa çalışılır. Bu, sadəcə yanlış anlama deyil, açıq-aşkar fitnə və təxribat xarakterli yanaşmadır.

Məsələyə tək bir pəncərədən deyil, bütöv kontekstlə baxmaq lazımdır. İlham Əliyevin danışdığı mövzu Fələstin xalqına münasibət deyil. Söhbət Qəzzaya sülhməramlı qüvvə və ya hərbi kontingent göndərilməsi məsələsindən gedir. Bu fərqi bilərəkdən qarışdıranlar iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyənlərdir.

Prezidentin mövqeyi aydındır: Azərbaycan öz sərhədlərindən kənarda yerləşən münaqişə zonasına hərbi qüvvə göndərməyi düşünmür. Başqalarının hesabına öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil. Bu, Fələstin xalqına qarşı olmaq demək deyil; bu, dövlətin məsuliyyətli və ölçülüb-biçilmiş qərarıdır.

Açıq demək lazımdır ki, söhbət Türkiyədən getsəydi, uzun izaha belə ehtiyac olmazdı. Çünki Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında təkcə sözlə yox, real duruşu, dəstəyi və qardaşlığı ilə yer aldı. Məhz buna görə də Azərbaycan xalqının şüurunda Türkiyə tamamilə fərqli yerdədir.

Türkiyə çətin vəziyyətə düşsəydi, burada “göndərək, göndərməyək” kimi müzakirələr belə başlamazdı; reaksiya tamam başqa cür olardı. Bu, şüar deyil, iki ölkə arasında formalaşmış dərin etimadın və qardaşlığın təbii nəticəsidir.

Bunu bir hekayə kimi düşünək: Ən çətin günündə yanında olan, əlindən tutan, “yalnız deyilsən” deyən bir dostun var. O dostun başına bir iş gəldikdə, insan oturub hesab aparmaz, ürəyi birbaşa ora yönələr. Amma çətin günündə səni tək qoyan, hətta susan biri olduqda, istər-istəməz insanın içində sual yaranır: “Mən ən ağır günümdə tək qaldım, indi niyə onun əvəzinə can riski almalıyam?”

İlham Əliyevin çıxışında da bu cür siyasi yaddaş var. “Biz çətin vaxtımızda tək qaldıq” xatırlatması Fələstin xalqına qarşı deyil, bu günə qədər sərgilənmiş siyasi mövqelərə dair bir qeyddir. Üstəlik, Prezident eyni çıxışında xüsusi olaraq vurğulayır ki, Azərbaycan uzun illərdir Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Bu mövqe BMT-də, Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında ardıcıl şəkildə müdafiə olunub. Həmçinin Fələstinin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliyinin bəzi fəaliyyətlərinin Azərbaycan tərəfindən maliyyələşdirildiyi də açıq şəkildə ifadə olunur.

Yəni ortada Fələstin xalqına qarşı düşmənçilik yoxdur. Ortada dövlətin verdiyi ağır və məsuliyyətli qərarlar var. Humanitar duyarlılıq ayrıdır, diplomatik dəstək ayrıdır, hərbi qüvvə göndərib insan həyatını riskə atmaq isə tamam ayrı məsələdir. Prezident Əliyev məhz bu sərhədi izah edir.

Türkiyə–Azərbaycan birliyi sosial media manipulyasiyaları ilə sarsılacaq qədər zəif deyil. Başlıqlara, kəsilib-doğranmış cümlələrə yox, bütöv mənzərəyə baxmaq lazımdır. Çünki aramıza girmək istəyənlər hər zaman olacaq. Əsas olan bu oyunlara gəlməməkdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa