Ali Məhkəmədən estetik əməliyyatlarla bağlı qərar
Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilmişdir. Bədən toxunulmazlığı hüququ – bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur.
Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır.
Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.
Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilmişdir. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimati mənafe və qanuni əsas aiddir.
Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər.
Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir).
Üstün xüsusi mənafe – şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüquq deməkdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə).
Üstün ictimai mənafe – konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqları deməkdir. (məsələn, karantin dövründə analizlərin məcburi aparılması)
Qanuni əsas isə şəxsiyyət hüquqlarının müdaxiləsinin qanunla nəzərdə tutulması deməkdir. (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).
Bu halların hər hansı birinin mövcudluğu müdaxilənin qanuniliyini ehtiva edir və şəxsi məsuliyyətdən azad edir.
Plenum Qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilmişdir. Bu hallar aşağıdakılardır:
1) Tibbi yardım tədbirlərinin ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər);
2) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması;
3) Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması.
Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir.
Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilmişdir.
Qərarda olan mövqeyə görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir. Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə). Belə mübahisələr müqavilə şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəsli ilə tənzimlənəcək.
Lakin bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.
Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır.
Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqres tələb hüququ yaranır.












