Bakının qar lotoreyası: Kimə düşdü, kimə düşmədi?

media-hightechnic-468x90

 

Bakıya qar yağanda ilk olaraq pəncərədən yox, xəritədən baxırsan: görəsən, bu dəfə növbə kimindir?

Çünki burada qar ümummilli hadisə deyil, məhəllə-məhəllə yayımlanan xüsusi buraxılışdır. Bir binanın damı ağappaqdır, o biri bina isə hələ də “bizə nə vaxt çatacaq?” ümidi ilə yaşayır. Sanki qar Bakıya turist kimi gəlir hər yerə yox, yalnız bəyəndiyi ünvanlara baş çəkir.

Yenə şəhərin bir hissəsinə qar yağıb, digər hissəsinə yox. Yağmayanların günahının nə olduğu isə hələ də sirr olaraq qalır. Yasamal qarla şəkil paylaşanda, qonşu Nəsimi rayonunun sakini pəncərədən baxıb günəş eynəyi taxır. Əhmədli qarın içində “itib-batanda”, Qaraçuxur adamda elə təəssürat yaradır ki, az sonra buradan dəvə karvanı keçəcək, kimsə də “bu səhrada su varmı?” deyə soruşacaq.

Əslində, Bakıya qar yağmasa, bəlkə də hamı üçün daha xeyirlidir. Elə bil Tanrının da bakılı bəndələrinə yazığı gəlir, qarı az-az, ehtiyatla göndərir. Çünki bu şəhərdə qar romantika yox, bir növ “stres testi”dir. Xaricdə qar yağanda insanlar plan qurur, bizdə isə bütün planlar dərhal ləğv olunur.

Bakıda qar demək  işığın sönməsi, yolların “güzgüyə” çevrilməsi, tıxacların isə əbədilik qazanmasıdır. İlk qar dənəsi yerə düşən kimi “sabah işə necə gedəcəyik?” sualı havada asılı qalır. Heç kim də cavab vermir, çünki hamı bilir: cavab yoxdur.

Ən maraqlısı isə odur ki, qar Bakıda heç vaxt hamıya bərabər paylanmır. Elə bil qarın da öz “tanış-bilişi” var. Bir məhəllə bayram edir, o biri məhəllə inciyir. Sosial şəbəkələrdə biri “qar yağır” yazan kimi, o biri dərhal rəy yazır: “Harada? Bizdə asfalt qızır!”

Qısası qar xaricdə əyləncə, Azərbaycanda isə sınaqdır. Səbir sınağı, əsəb sınağı, kommunal dözüm sınağı…

Ona görə də bəlkə elə yaxşıdır ki, Bakıya qar nadir hallarda və hissə-hissə yağır. Çünki nə şəhər, nə də insanlar hələ bu ağ macəraya tam hazır deyil.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa