Problemlərə təslim olan Bakının ƏSL DƏRDİ: Bir merdən digərinə ötürülən yarıtmazlıq zənciri
Bu şəhər çox qəribədir. Hər qış yer bir az buzlanan kimi qəzalar artır, yollar kilidlənir, həyat dayanır. Yağış yağır şəhər iflic olur, qar yağır şəhər iflic olur. Xırda bir tədbir keçirilir yenə iflic… Sanki Bakı normal axarla deyil, daim fövqəladə rejimdə yaşamağa öyrəşib. Hava proqnozları pisləşən kimi şəhər artıq gecədən təslim olur qəza və sürüşmə xəbərləri ard-arda gəlir.
Bu, təbiətin günahı deyil. Qışın, yağışın və ya qarın qəfil gəlməsi də bəhanə ola bilməz. Çünki qış hər il gəlir, yağış Bakıya yad deyil. Problem ondadır ki, şəhər hər dəfə eyni ssenarini yenidən yaşayır və heç kim utanmır. Heç kim “Niyə yenə hazır deyildik?” sualını özünə vermir. Sanki bu iflic halı artıq normal bir reallıq kimi qəbul olunub.
Ötən günlərdə Prezident də bu məsələyə toxundu. İlham Əliyev açıq şəkildə bildirdi ki, bəzi qurumlar elementar məsələləri belə həll edə bilmir. Bu sözlər təsadüfi deyil; illərlə yığılan narazılığın dövlət başçısının dilindən səslənən forması idi. Çünki yuxarıdan baxanda görünən mənzərə aşağıdakından qat-qat acınacaqlıdır.
İllərdir eyni sual havada qalır: Bakı Şəhər İcra Hakimiyyəti hər il nə qədər tender keçirir, nə qədər milyonlar xərclənir? O pullar hara gedir? Niyə Bakı bir az yağışa, bir az qara qarşı bu qədər kövrəkdir? Niyə kanalizasiya daşır, yollar sürüşkən qalır, nəqliyyat çökür?
Bu, artıq texniki məsələ deyil, açıq-aşkar etinasızlıqdır. “Yenə də keçər” düşüncəsinin şəhər miqyasında doğurduğu fəlakətdir. Ən ağrılı tərəfi isə odur ki, bu iflicin yükünü məmurlar yox, sadə insanlar daşıyır. İşinə gecikən, yolda qalan, qəza edən və həyatı çətinləşən yenə vətəndaşdır.
Bir vaxtlar bu şəhərin heç olmasa emosional boşalma imkanı vardı. Hacıbala Abutalıbovun dövründə də Bakı ideal deyildi o zaman da tıxaclar, problemlər və narazılıqlar var idi. Amma insanlar hədəfi görürdü. Şəhər rəhbərliyi açıq şəkildə tənqid olunur, cəmiyyətdə yığılan aqressiya sözə çevrilirdi.
Hacıbala Abutalıbov isə bu tənqidlərə özünəməxsus yanaşırdı. Bəzən dedikləri, bəzən davranışları fəlakəti bir “traqediyakomediya”ya çevirirdi. Elə məqamlar olurdu ki, bir gözümüz ağlayanda, o biri gözümüz gülürdü. Şəhər iflic idi, amma bu iflicin səsi vardı. Cəmiyyət məmuru tanıyırdı, onunla müəyyən bir emosional təmas qura bilirdi. Paradoks da elə bunda idi: problemlər çox idi, amma reaksiya vardı.
Bu gün isə vəziyyət daha ağırdır. Eldar Əzizov dövründə bu lüksümüz də yoxdur. Onu tənqid etmək belə adamı yorur. Soyuq üzü, duyğusuz baxışları və hər şeyə biganə görünən mimikası ilə sanki şəhərin dərdləri ona aid deyil. Bakı yağışda batır, qarda donur, xırda bir tədbirdə kilidlənir; amma nə bir cavab var, nə izah, nə də reaksiya.
Ən ağır olanı da budur. Çünki səsin çıxmadığı yerdə məsuliyyət də itib gedir. İnsanlar artıq nə gülə bilir, nə də ürəkdən əsəbləşə. Tragediya komediyasız qalıb. Şəhər iflicdir, amma bu iflicin nə ünvanı var, nə də cavabdehi görünür. Bakı susaraq çökür.
Amir Aqiloğlu












