“İlham Əliyev qlobal sistemə mesaj verir ki…” - Süleyman Basa ilə MÜSAHİBƏ

media-hightechnic-468x90

Türk İnternet Media Birliyinin (TİMBİR) sədri doktor Süleyman Basa Yenicag.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Türk İnternet Media Birliyi qısa müddətdə adından söz etdirdi. Bu qurum hansı zərurətdən yarandı?

– Açıq deyim, bu birlik kağız üzərində yaranan formal bir struktur deyil. Türk İnternet Media Birliyi 2023-cü il martın 7-də, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə, 3335 saylı qanun çərçivəsində yaradıldı. Amma əsas səbəb başqa idi: internet mediası artıq klassik medianı çoxdan geridə qoysa da, bu sahədə pərakəndəlik və koordinasiyasızlıq var idi. 104 qurucu media nümayəndəsi bir araya gələrək dedi ki, “artıq birlik vaxtıdır”.

– Bu birlik sırf Türkiyə mediasını əhatə edir, yoxsa daha genişdir?

– TİMBİR beynəlxalq statusa malik bir qurumdur. Biz özümüzü yalnız Türkiyə ilə məhdudlaşdırmırıq. Türk dünyası bizim üçün əsas xəttdir. Azərbaycan, Mərkəzi Asiya, Almaniya, Balkanlar harada türk kimliyi və türk dili varsa, orada bizim marağımız var. Məqsədimiz hər ölkənin öz həqiqətini qoruyaraq ortaq informasiya dili formalaşdırmaqdır. Bu arada, sizin baş redaktorunuz Aqil Ələsgər həm Birliyin qurucu üzvü və İdarə Heyətində sədr müavini, həm də Xarici Əlaqələr Şurasının sədridir.

– Azərbaycan–Türkiyə münasibətləri kontekstində medianın rolunu necə görürsünüz?

– Bu münasibətlər “iki dövlət, bir millət” şüarından çoxdan çıxaraq, real siyasi və strateji müttəfiqliyə çevrilib. Media isə bu əlaqələrin arxa planıdır. Əgər media doğru işləməsə, cəmiyyətlər bir-birini yanlış anlaya bilər. Biz istəyirik ki, Azərbaycanla bağlı xəbərlər Türkiyədə emosiyaya deyil, fakta söykənsin eyni zamanda Türkiyə ilə bağlı proseslər Azərbaycanda da düzgün kontekstdə təqdim edilsin.

– Prezident İlham Əliyevin beynəlxalq hüquqla bağlı son yanaşmasını necə qiymətləndirirsiniz?

İlham Əliyev çox açıq mesaj verir: beynəlxalq hüquq yalnız güclülər üçün işləməməlidir. Bu, təkcə Qarabağ məsələsi ilə bağlı deyil, ümumiyyətlə qlobal sistemə ünvanlanan ciddi çağırışdır. Media olaraq bizim borcumuz bu mövqeni təhrif etmədən, olduğu kimi dünyaya çatdırmaqdır.

– Türk Dövlətləri Təşkilatı sizcə hansı mərhələdədir?

Türk Dövlətləri Təşkilatı artıq simvolik birlik deyil. Bu təşkilat siyasi koordinasiya, iqtisadi əməkdaşlıq və informasiya təhlükəsizliyi baxımından yeni mərhələyə keçir. Prezident İlham Əliyevin bu təşkilata verdiyi önəm də təsadüfi deyil. Türk dünyası parçalanmış informasiya ilə güclü ola bilməz.

– Tez-tez “Türk NATO-su” ideyası müzakirə olunur. Bu realdırmı?

– Bu mövzu ilk baxışdan emosional və iddialı səslənə bilər, amma məsələyə dərindən baxanda onun arxasında ciddi məntiqin dayandığını görürük. Burada məqsəd mövcud NATO-ya alternativ yeni bir hərbi blok yaratmaq deyil. Söhbət türk dövlətlərinin ortaq təhlükəsizlik baxışı formalaşdırmasından gedir.

Bu gün regionumuzda baş verən proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq təkcə silah və ordu ilə ölçülmür. İnformasiya müharibəsi, kibertəhlükəsizlik, dezinformasiya və psixoloji təsir mexanizmləri ön plana çıxıb. Türk dövlətləri bu sahələrdə ayrı-ayrılıqda deyil, koordinasiyalı şəkildə hərəkət etsə, həm daha güclü, həm də daha dayanıqlı olar.

Eyni zamanda, bu ideya siyasi mesaj da daşıyır. Yəni türk dünyası öz təhlükəsizliyi ilə bağlı qərarları kənardan gözləmədən, özü müzakirə edə və özü formalaşdıra biləcək yetkinliyə çatdığını göstərir. Bu, heç kimə qarşı yönəlmiş addım deyil, sadəcə milli və regional maraqların qorunması cəhdidir.

– Azərbaycan mediası ilə konkret əməkdaşlıq planlarınız varmı?

– Var və bu planlar kağız üzərində deyil. Birgə media layihələri, jurnalist mübadiləsi və ortaq platformalar üzərində işləyirik. Azərbaycan mediası regionda ciddi təcrübəyə malikdir. Biz bu təcrübəni türk dünyasının ümumi media xəttinə qatmaq istəyirik. Ötən Azərbaycan səfərimizdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və QHT Agentliyinin rəhbəri Aygün Əliyeva ilə görüşdük. Ortaq layihələri müzakirə etdik. İnanıram ki, danışdıqlarımızı 2026-cı ildə reallaşdıracağıq. Azərbaycan bizim üçün çox önəmlidir və inanıram ki, Birlik olaraq, Türkiyədən sonra ən güclü olduğumuz ölkə olan Azərbaycanla ciddi layihələrə imza atacağıq.

– Ortaq türk mediası yönündə layihələriniz varmı?

– Bəli, var. 2026-cı il üçün TİMBİR-in çətiri altında ortaq türk mediası platformasının – yəni bütün türk dünyasını əhatə edəcək vahid xəbər və analiz portalının yaradılması planlaşdırılıb. Bu, sadəcə adi bir xəbər saytı olmayacaq. Məqsədimiz Türkiyədən Azərbaycana, Orta Asiyadan Balkanlara qədər geniş coğrafiyada baş verən prosesləri ortaq informasiya dilində, koordinasiyalı və strateji baxışla təqdim edən bir media mərkəzi qurmaqdır.

Hazırda bu layihə üzrə mənim sədrliyimlə Menders Demir, Aqil Ələsgər, Cüneyt Altıparmak və Muhammed Kaçardan ibarət xüsusi komissiya formalaşıb və konsepsiya üzərində iş gedir. Sayt türk dünyası ilə bağlı gündəlik xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr, araşdırmalar və ekspert rəyləri dərc edəcək. Əsas hədəflərdən biri də informasiya müharibəsi şəraitində türk dünyasının ortaq mövqeyini formalaşdırmaq, dezinformasiyalara qarşı koordinasiyalı və təsirli cavab mexanizmi yaratmaqdır. Yəni bu platforma təkcə xəbər ötürən yox, eyni zamanda strateji kommunikasiya aləti funksiyasını daşıyacaq. Bundan başqa, sayt üzərindən üzv ölkələrin media qurumları arasında kontent mübadiləsi, ortaq layihələr və kampaniyalar da təşkil olunacaq. Bir növ, bu portal türk dünyasının media sinir sistemi rolunu oynayacaq harda nə baş verirsə, sürətli, dəqiq və ortaq baxış bucağı ilə bütün coğrafiyaya ötürüləcək. Yəni söhbət bir sayt açmaqdan yox, türk dünyası üçün vahid informasiya platforması və ortaq media məkanı yaratmaqdan gedir.

Söhbətləşdi: Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa