Ötən gün Şəmkirdəki vəziyyətlə bağlı məlumat vermişdik
Rayon sakinlərinin verdiyi məlumatda bildirilirdi ki, manatın devalvasiyasından sonra Şəmkirdə vəziyyət dözülməz həddə çatıb.Əksər mağazalarda süni qiymət artımı müşahidə olunsa da, buna qarşı heç bir tədbir görülmür. Çünki rayonda fəaliyyət göstərən əksər topdansatış məntəqələri icra başçısı Alimpaşa Məmmədova məxsusdur. İcra başçısı özünün olmayan ticarət obyektlərindən də aylıq haqq alır və bu səbəbdən qiymət artımına qarşı tədbir görmür.
Bu gün Alimpaşa Məmmədovla bağlı yeni məlumat əldə etmişik. Şəkmir sakininin Qaynar.info-ya verdiyi məlumata görə, icra başçısı ümumiyyətlə rayonda deyil. Belə ki, o, bir müddətdir xaricdə istirahət edir. İcra başçısının hansı ölkədə olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Amma sakinlər rayonda vəziyyətin günü-gündən pisləşdiyini bildirir. Bir neçə gündü ölkə ərazisində un və digər məhsulların qiymətinin aşağı endirilməsi ilə bağlı tədbirlər aparılsa da, Şəmkirdə bu yöndə hələ heç bir addım atılmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın yüksək vəzifəli şəxslərinə Yeni il tətilini ölkədən kənarda keçirməklə bağlı qeyri-rəsmi qadağanın qoyulması barədə xəbər verişdik. Məlumatlı mənbələrdən Qaynar.info-ya verilən məlumatda bildirilirdi ki, bunun ilk səbəbi ölkədə manatın ikinci dəfə və daha kəskin devalvasiyasından sonra yaranan şəraitdir. Hökumət üzvlərinə belə həssas dönəmdə tətil haqqında yox, yaranmış vəziyyəti aradan qaldırmaq yolları barədə düşünmək, eyni zamanda hər hansı ekstremal situasiyaya hazırlıqlı olmaq tapşırılıb.
Digər tərəfdən, böhran dövründə iri məmurların hələ də ölkədən kənarda, üstəlik xeyli baha qiymətə başa gələn istirahət və əyləncə ilə məşğul olması məqbul sayılmır. Xüsusilə belə lüks tətillər barədə hər hansı informasiyanın yayılması sadə vətəndaşların olduqca çətin vəziyyətə düçar olduğu indiki vaxtda çinovniklərin hələ də öz komfortları naminə böyük xərclərdən çəkinmədiyi üzə çıxarsa, bu, cəmiyyətdə daha sərt reaksiya yarada bilər.
Görünür Alimpaşa Məmmədov özünə və himayəçilərinə o qədər arxayındır ki, dövlət rəhbərliyinin tapşırıqlarına belə riayət etmir.(pia.az)
www.yenicag.az