Bazar ertəsi, dekabrın 9-da Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi suriyalıların sığınacaq müraciətlərinin qəbulunu dərhal dondurduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Der Spiegel”ə departamentin nümayəndəsi bildirib.
Departamentin sözçüsünün dediyinə görə, Suriyadakı vəziyyətin qeyri-müəyyənliyi və siyasi hadisələrin necə inkişaf edəcəyinin proqnozlaşdırılmasının çətinliyi səbəbindən sığınacaq müraciətlərinin qəbuluna dərhal son qoyulub.
O, həmçinin vurğulayıb ki, mövcud vəziyyətlə bağlı ciddi qiymətləndirmə aparmaq mümkün deyil.
Departamentin məlumatına görə, bu, hələ də həll olunmamış 47,270 sığınacaq müraciətinə aiddir ki, bunun içərisində təxminən 46,000 ilkin müraciət də vardır. Lakin, nəşrdə bildirildiyi kimi, Suriyadakı yeni vəziyyət mövcud qərarlara hələ təsir etməyib.
Qeyd edək ki, Almaniyanın müxalifət bloku CDU/CSU Bəşər Əsəd rejiminin süqutundan sonra Almaniyada yaşayan suriyalı qaçqınların vətənlərinə qayıtmağa təşviq edilməsini təklif edib.
Xatırladaq ki, Suriyadakı üsyançılar dekabrın 8-də Dəməşqə nəzarəti ələ keçirdiklərini açıqlayaraq, Əsədin iyirmi ildən çox davam edən hakimiyyətinin sona çatdığını bildirmişdilər. Əsədin isə Moskvada olduğu qeyd edilir.
Bir sıra Avropa liderləri Əsədin Rusiyaya qoyduğu mərcin özünü doğrultmadığını və Vladimir Putinin də bir gün gözlənilmədən dağıla biləcəyini bildiriblər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Suriyada Bəşər Əsəd rejiminin süqutunun bütün Yaxın Şərq regionunda yeni imkanlar açdığını, eyni zamanda risklərin də mövcud olduğunu vurğulayıb.
www.yenicag.az