Almaniyada kansler seçkiləri bu tarixdə KEÇİRİLƏCƏK – Olaf Şolts yola SALINIR
Alman Bundestaqı yeni kansler seçkilərinin 6 mayda keçiriləcəyini elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Stern” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Bundestaqa keçirilən seçkilərdən iki ay yarım sonra – 6 may tarixində parlamentdə Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merzin kansler postuna namizədliyi üzrə səsvermə keçiriləcək. Həmin vaxta qədər CDU, Xristian Sosial İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SDP) koalisiya sazişini təsdiqləməlidir.
Məlumata görə, CDU rəhbərliyi artıq sənədi təsdiqləyib. CSU isə qərarı 28 aprel tarixində keçiriləcək kiçik partiya konfransında verəcək. SDP üzvləri 144 səhifəlik razılaşma üzrə 29 aprelə qədər səs verəcəklər. Koalisiya sazişinin sosial-demokratlar tərəfindən qəbul olunması üçün sadəcə səs çoxluğu deyil, həm də partiya üzvlərinin ən azı 20 faizinin onlayn səsvermədə iştirak etməsi tələb olunur.
KİV bəyan edib ki, əgər Merz kansler seçilərsə, onun kabinetinin də 6 mayda and içməsi gözlənilir. Bu halda yeni hökumət Şoltsun rəhbərlik etdiyi üçtərəfli koalisiyanın dağılmasından düz altı ay sonra fəaliyyətə başlaya biləcək. Koalisiya sazişində CDU, CSU və SDP Ukraynaya dəstəyi davam etdirəcəklərini təsdiqləyiblər. Fridrix Merz isə ölkənin müdafiə xərclərinin daha da artırılacağını vəd edib.