Statistikaya görə, bu il Azərbaycanda baş verən cinayət hadisələri 42,7 faiz artıb. Xüsusən də narkotik cinayətləri, o cümlədən ailədaxili cinayətlərin sayında artım təhlükəli səviyyəyə çatıb.
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, insanların cinayətə meyilli olmasının qarşısını almaq üçün cinayət tərkibli xəbərlər kütləvi informasiya vasitələrindən yığışdırılmalıdır:
“Son bir ildə cinayət hadisələri hədsiz dərəcədə artıb. Silsilə qətllər törədənlərlə yanaşı, xüsusi amansızlıqla adam öldürmə halları da var. Şüurlu şəkildə bilərəkdən törədilən cinayət hadisələri artmaqdadır. Məsələn, artıq bir ailənin bir neçə üzvü bilərəkdən öldürülür. Bu vəziyyət insanı dəhşətə gətirir. Bu cür qətllərə əsasən hansısa mübahisə, təhqir, söyüş və s. bu qəbildən olan səbəblər əsas göstərilir. Halbuki bu səbəblərin heç biri insan həyatına son qoymağa səbəb ola bilməz. Bu tendensiyanın qarşısını almaq üçün cinayət xəbərlərinə məhdudiyyət qoyulmalıdır. Cinayət tərkibli verilişlərin yayımı varsa, bunun qarşısı alınmalıdır. Çünki cinayət xəbərlərinin yayılması insanlara stimul verir. Şüur altında cinayətə meyilli olan insan həmin xəbərlərdən sonra qətli törətmək barədə məlumatlana bilər. Ona görə də efirlərdə qətl, zorakılıq barədə xəbərlər göstərilməməlidir. Həmçinin müvafiq orqanlar tərəfindən mətbuata təcavüz, qətl xarakterli informasiyalar ötürülməməlidir. İnsanlar onsuz da aqressivdir. Sosial və işsizlik kimi problemlər insanları aqressiv etsə də, bütün hallarda cinayət hadisələrinə haqq qazandırmaq mümkün deyil”.
Pandemiya dövrünün insanlara psixoloji cəhətdən çox ciddi təsir etdiyini qeyd edən psixoloq Fərqanə Mehmanqızı isə açıqlamasında bildirib ki, bu dönəm psixohəssas insanlara, panik atak keçirənlərə, fobiyaya meyilli şəxslərə xüsusilə təsirsiz ötüşməyib:
“İnsanlarda günahkarlıq hissi, özünəqapanma və aqressiya halları sürətlə artdı. İnsanlar heç bir günah etmədikləri halda öz azadlıqlarında məhrum edildilər və evə qapadıldılar. Azadlıqdan məhrum olunmağın verdiyi aqressiya bir qığılcım effekti yaratdı. Nəticədə ailədaxili münaqişələr, fiziki və psixoloji şiddətlə bağlı faktların sayı çoxaldı. Hətta bəzi insanlar özlərinə də zərər verməyə başlayıblar. Bu gün insanlar daxili aqressiyasını çıxarmağa yer axtarırlar. Ona görə də zəif insanları hədəf seçirlər. Bəzi insanlar şərəf və ləyaqətini qorumaq adı altında özünü sübut etmək və qəhrəmana çevrilmək məqsədilə cinayətə əl atırlar. Əslində bu, beyinin oynadığı oyunlardır. Kütləvi informasiya vasitələrində cinayət xəbərlərinin yayılması isə bu vəziyyəti adiləşdirir. İnsanlar düşünürlər ki, qarşındakı insanı bəyənmirsənsə və ya hansısa mübahisə varsa, bunu cinayət yolu ilə aradan qaldırmaq olar. Təəssüf ki, bu gün ailələrdə empati də aşağı düşüb və insanlar bir-birini dinləmək istəmir. Ona görə də insan danışmamağa başlayır. İnsan danışmadıqca enerji mübadiləsi olmur və qarşı tərəflə anlaşma pozulur. Bu təhlükəli vəziyyətin qarşısını almaq üçün insan özündə dəyişiklik hiss etdiyi, toplumun onu anlamadığını düşündüyü zaman mütəxəssisə müraciət etməlidir”.
Gülşən Şərif
www.yenicag.az