Amerikanın 7 Yaxın Şərq ölkəsi PLANI – Suriyadan sonra bu dövlət HƏDƏFDƏDİR
“Suriya parçalanandan sonra İrana qarşı addım atacaqlar”.
Bu fikri İsrailin Suriyada keçirdiyi hərbi əməliyyatlar, Türkiyənin atdığı addımlar və prosesin sonunu Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, ABŞ İsrailə rəqib olacaq ölkələri məhv etməyi hədəfləyib:
“Türkiyə NATO-nun üzvüdür, NATO-nun ağası isə ABŞ-dir. ABŞ deyən sözün əksini kimsə orada deyə bilməz. Hər kəs də bilir ki, İsrail Yaxın Şərqdə ABŞ-nin keşikçisi, habelə bölgədə neft yataqları üzərində ABŞ-nin nəzarətinin təminatçısıdır. ABŞ istəmir ki, Yaxın Şərqdə hansısa inkişaf, tərəqqi olsun. Bütün Yaxın Şərqi dağıdır, parçalayır ki, ABŞ zülmünə itaət etsinlər. Bunu bilən Türkiyə İsrailə nə isə edə bilməz. İsrailə qarşı addım atmaq Türkiyənin ABŞ-yə müharibə elan etməsi deməkdir”.
Z. Əlizadə xatırladıb ki, 2003-cü ildə ABŞ qərara aldı ki, 7 Yaxın Şərq dövləti dağılmalıdır:
“Bu barədə ABŞ ordusunda xidmət edən bir zabit açıqlama verib. Eləcə də Qərb mediasında çoxlu sayda materiallar var. Həqiqətən də 6 dövləti dağıdıblar. Liviya, Sudan, İraq, Yəmən, Livan, Suriya dağılıb, qalıb İran. İndi də Suriyanı parçalamaq lazımdır. Ermənilər deyirdi ki, “Dənizdən dənizə, Böyük Ermənistan” yaradacaqlar. İndi də sionistlər deyirlər ki, Fərat çayından Nil çayına qədər Böyük İsrail bərpa olunmalıdır, çünki Tövratda belə deyilir. ABŞ də onları dəstəkləyir. Suriyada Əsəd diktaturası var idi və ABŞ qərara gəldi ki, Bəşər Əsədi devirsin. ABŞ hansısa dövləti dağıtmaq, neftini, təbii sərvətlərini ələ keçirmək istəyəndə, “demokratiya kartı”ndan istifadə edir”.
O, söyləyib ki, Bəşər Əsəd rejimi zəiflədi və Türkiyənin də dəstəyi ilə Əhməd əş-Şaraa hakimiyyətə gəldi:
“O, hakimiyyətə gələn kimi dedi ki, bizim düşmənimiz İran və “Hizbullah”dır. O, İsraillə gözəl əlaqələr qoymağı hədəflədiklərini dilə gətirdi. Viktor Orban bəyanat verdi ki, Ukrayna 3 yerə parçalanacaq. Suriyanın da 3-4 yerə parçalanacağı deyilir. Bir hissəsində druz, bir hissəsində kürd dövləti olacaq, o biri hissəsində isə sünni Suriya dövləti olacaq. Bəşər Əsədin vaxtında ərəblərlə ələvilər qardaş kimi bir yerdə yaşayırdı, indi ələviləri qırırlar. Suriya dönüb olub “Əl-Qaidə” dövləti. Suriyadan sonra İrana qarşı addım atacaqlar”.
Səxavət Məmməd