Amerikanın istədiklərinin heç biri baş vermədi: "İran özünü qalib tərəf kimi qələmə verir” – ŞƏRH
İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və HƏMAS-ın Şura Məclisinin sədri Məhəmməd Dərviş arasında keçirilən görüşdə rəsmi Tehran Vaşinqtona qarşı sərt ittihamlar səsləndirib. Hazırda heç bir sülhün olmadığını bəyan edən İran rəsmisi təmsil etdiyi ölkəni prosesin qalib tərəfi kimi qələmə verib.
Sözügedən görüşü Yenicag.az-a şərh edən politoloq Elşad Mirbəşiroğlu mühüm məqamlara toxunub:

“İran Parlamentinin sədri Qalibaf HƏMAS-ın Şura Məclisinin sədri Məhəmməd Dərvişlə görüşü zamanı sərt ritorikaya üstünlük verib. Qalibaf açıqlama verərkən diqqəti bir neçə məqama cəlb edib. İlk növbədə səsləndirib ki, ABŞ-la sülh yoxdur. Bu ifadəni elə qəbul etmək olar ki, ABŞ və İran arasında sülh sazişi həqiqətən də imzalanmayıb. Pakistan memorandumu sadəcə qarşılıqlı anlaşma sənədidir və o sənədə əsasən tərəflər üzərlərinə bəlli öhdəliklər götürüblər. 60 gün ərzində tərəflər arasında dialoq təşkil edilməli və yekun sülh imzalanmalıdır. Qarşıdakı günlərdə tərəflərin görüşəcəyi bildirilir. Eyni zamanda İsraili tanımayacaqlarını bildirməsi ondan xəbər verir ki, tərəflər arasında sülh əldə olunsa belə, İsrail və İran arasında ziddiyyətlər qalacaq”.
Politoloq qeyd edib ki, bir tərəfdə hədəflərinə çata bilməyən ABŞ, digər tərəfdə isə öz şərtlərini sülh anlaşmasına qədər davam etdirən İran var:
“Qalibafın açıqlamalarında biz yaxın gələcəkdə bu reallıqları ifadə edəcək proqnozları verə bilərik. Qarşılıqlı anlaşma ilə bağlı İranın qalib tərəf kimi təqdim edilməsinə qalanda, analitiklər belə əsaslandırırlar ki, İran özünə qırmızı xətt hesab etdiyi məqamlarda öz mövqelərini qoruyub saxladı. Bu həm İrana qarşı sanksiyaların tədricən aradan qaldırılması, təzminatın ödənilməsi, Hörmüz boğazının gələcək taleyi ilə bağlı yer alan məqamlar əsas verir ki, həmin maddələr üzərindən çıxış edilərək dialoq davam etdiriləcək və yekun sülh sazişi imzalanacaqsa, nəticədə üstünlük əldə etmiş tərəf İran olacaq.
Eyni zamanda diqqət etsək, ABŞ-İran müharibəsi zamanı ABŞ tərəfinin qarşılarında duran məqsədlər fərqli idi. İranda rejimi dəyişmək əsas hədəf idi. Tramp onunla danışacaq komandanın mövcud olduğunu və onlarla işləyəcəklərini bildirirdi. Əlavə olaraq İranın nüvə proqramının dayandırılmalı olduğunu, ballistik raket proqramına xitam verilməsi kimi hədəflər vardı, amma bunlar baş vermədi. Nüvə məsələsinə gəlsək, ən öncədən İran açıq deyirdi ki, uranı mülki məqsədlər üçün zənginləşdirmək istəyirlər və nüvə silahı əldə etməyəcəklər. Tramp da nüvə silahını qırmızı xətt hesab edirdi və bununla bağlı razılığa gəldilər. Amma biz gördük ki, ballistik raket proqramı isə razılaşma mətnində yer almadı. Bu isə İranın bu proqramı davam etdirəcəyi anlamına gəlir. İranda rejim dəyişikliyi də baş vermədi.
Mahiyyət etibarilə İranda Amerikanın istədiklərinin heç biri olmadı. Bütün bunlar reallıqlardır. İrana qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması, təzminat ödənilməsi, Hörmüz boğazı ilə bağlı İranın üstün mövqelərinin prinsipial olaraq qəbul edilməsi bütün bunlar Qalibafa əsas verir ki, ölkəsini qalib tərəf kimi təqdim etsin. Hazırda tərəflər arasında sülh mövcud deyil və kiçik insidentlər, qarşılıqlı zərbələr yenidən münasibətləri sərtləşdirə bilər”.
Nurlan Cəfəri













