NATO-dan Ankara paylaşımı: "Hər guşənin danışacaq bir hekayəsi var"
Türkiyənin ev sahibliyi ilə keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti öncəsi dünyanın diqqəti Ankaraya yönəlib.
Yenicag.az xəbər verir ki, kritik toplantıdan əvvəl NATO-nun rəsmi sosial şəbəkə hesablarında Türkiyə ilə bağlı diqqətçəkən video-paylaşım edilib.
Alyansın rəsmi “Instagram” səhifəsində yayımlanan çarşda Anıtqəbirdən tutmuş Etnoqrafiya Muzeyinə və Ankara Qalasına qədər paytaxtın bir çox tarixi və simvolik məkanları animasiyalı xəritə üzərindən nümayiş olunub.

Mədəni irsi ön plana çıxaran paylaşımda bu ifadələrə yer verilib:
“Anıtqəbir və Ankara Qalasından Etnoqrafiya Muzeyinə qədər hər guşənin danışacaq bir hekayəsi var”.
Beynəlxalq arenada böyük maraqla qarşılanan bu addım NATO tərəfindən Türkiyəyə qarşı rəmzi və anlamlı bir jest kimi qiymətləndirilir.
Türkiyə 2004-cü ildə baş tutan tarixi İstanbul Sammitindən sonra növbəti dəfə alyansın ən strateji iclaslarından birinə ev sahibliyi edir. “Qeyri-müəyyənliklər dövrü” kimi xarakterizə edilən hazırkı qlobal geosiyasi şəraitdə keçiriləcək Ankara Sammitində ittifaqın yeni təhlükəsizlik siyasəti, müdafiə xərclərinin bölüşdürülməsi və regional böhranlar masaya yatırılacaq.

Sammit iştirakçılarının səviyyəsi də diqqət çəkir. Toplantıda başda ABŞ Prezidenti Donald Tramp olmaqla, 32 üzv ölkənin dövlət və hökumət başçıları, həmçinin xarici işlər və müdafiə nazirləri iştirak edəcək.
Həmçinin, “AP4” tərəfdaşları kimi tanınan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da sammitdə təmsil olunacaq. Bununla da Avro-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizlik arxitekturası ilk dəfə Ankarada eyni platformada birləşəcək.
Bu sammit Türkiyənin beynəlxalq arenadakı diplomatik çəkisini, yerli müdafiə sənayesi potensialını və regional böhranların nizamlanmasındakı vasitəçilik rolunu bir daha nümayiş etdirəcək.

Siyasi və hərbi baxımdan tarixi əhəmiyyət kəsb edən sammit öncəsi paytaxt Ankarada hazırlıqlar son mərhələyə qədəm qoyub. Dünya liderlərini qəbul etməyə hazırlaşan Ankara, həm diplomatik, həm də mədəni cəhətdən qlobal vitrinə çıxır.
Məsimə Məmmədova













