Onu hamı sevirdi, həm xoş xarakterinə, həm də oynadığı obrazlarına görə xalqın sevimlisi olan mərhum Xalq artisti, tanınmış aktyor Telman Adıgözəlovun bu gün doğum günüdür.
Adını çəkəndə belə istər-istəməz dodağın qaçır, üzünə xoş təbəssüm qonur. Sevə-sevə xatırlanır. Olduqca həyatsevər, şən insan idi, şux zarafatları, şirin yumoru ilə hər zaman çevrəsində xoş ovqat yaratmağı bacarırdı Telman Adıgözəlov. Elə bu xasiyyətinə görə də sənət dostlarının sevimlisinə çevrilmişdi.
Amma çox qəribədir ki, bu cür pozitiv insan son dərəcə həssas və kövrək idi. Sənət dostlarının dediyinə görə, başqaları üçün adi olan bir hadisədən kövrəlib, ağlaya bilərdi. Harada ana mahnısı oxunsaydı, vaxtsız dünyadan köçən anasını yadına salıb, uşaq kimi hönkürüb ağlayardı. Belə məqamlarda onu sakitləşdirmək mümkün deyildi. Elə doğum günlərində həmişə gözləri dolurdu. Səbəbini soruşanda isə gözlərini məchul bir nöqtəyə zilləyib, uşaq kimi susardı. Bəlkə də bu dünyadan vaxtsız köçəcəyi ürəyinə dammışdı.
Arzuları çox idi, amma bu dünyadan da elə ürəyində nakam arzuların ağırlığını daşıya-daşıya köçünü çəkib getdi. Övladlarının toyunu görmədi. Arzuladığı, amma xəyalını qurduğu obrazları oynaya bilmədi. Əcəl aman vermədi. Nə xəstə yatağına düşdü, nə yaxınlarına əziyyət verdi. Günlərin bir günü toydan gəlib, səssiz-səmirsiz ruhunu təslim etdi.
Amma oynadığı obrazları ilə tamaşaçı qəlbini fəth etməyi bacardı sevimli aktyorumuz. Sevildi, ürəklərə köç edib, adını sənət dünyasına əbədi yazdırdı Telman Adıgözəlov.
Cəvahir
www.yenicag.az