Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu iştirakçılarının Şuşaya səfəri baş tutub.
Yenicag.az xəbər verir ki, jurnalistlərə – AYD sədri Sinan Burhan, “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Kon TV”nin rəhbəri Yaşar Toy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Hürriyet” qəzetinin redaktoru Fatih Tekəci, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “Çay TV” İdarə Heyətinin sədri İsmayıl Torlak, TV spikeri Güngör Yavuzaslan və digərlərinə erməni işğalı nəticəsində dağıdılmış, viran qoyulmuş bölgələr, həmçinin Qarabağın yenidən dirçəldilməsi işləri haqqında məlumat verilib.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və ATEV sədri Tənzilə Rüstəmxanlı qonaqlara işğaldan qurtarılmış torpaqlarda erməni vandalizminin sübutu olan bina qalıntıları, dağıdılmış evlər haqqında bilgi veriblər. Aqil Ələsgər qeyd edib ki, 30 ildən bəridir işğal altında qalan bu torpaqlar yenidən Öz-ünə qayıdıb və bütün Azərbaycan bunun haqlı qürurunu yaşayır. Tənzilə Rüstəmxanlı isə bildirib ki, qardaş ölkənin jurnalistlərini bu torpaqlarda görməkdən sevinc hissi duyur.
Jurnalistlər Cıdır düzünə qalxaraq buradan Şuşanın gözəlliyini seyr ediblər.
AYD sədri Sinan Burhan Cıdır düzündə Forumun Şuşada sonlanmasının mənəvi önəm daşıdığını vurğulayıb. Burhan Azərbaycanın qəhrəman oğullarının Şuşa dağlarını dırmanaraq düşməni məhv etdiyini xatırladıb. Burhanın çıxışından sonra millət vəkili Sabir Rüstəmxanlı Şuşa ilə bağlı xatirələrini bölüşüb, “Qarabağa dönüş” poemasından bir hissə səsləndirib. Millət vəkili Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın məzarına səpilməsi üçün Şuşa torpağını jurnalist Güngör Yavuzaslana verib. Daha sonra Cıdır düzündə “Qarabağ Azərbaycandır” fləşmobu təşkil edilib.
Fləşmobdan sonra Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalası ziyarət edilib.
Şuşadakı Qarabağ Hotelində Tənzilə Rüstəmxanlı adından qonaqlara ziyafət verilib.
Jurnalistlərin səfəri onlara Şuşadan xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.
www.yenicag.az