Ankara və Berlinin Minsk qrupu həmsədrliyinə gətirilməsi nəyi dəyişəcək?
Taleh Əliyev: “Minsk qrupuna Almaniya və Türkiyənin cəlb olunması problemin həllinə…”
Elxan Mehdiyev: “Üç həmsədr ölkə bu işi monopoliyaya alıb”
Minsk Qrupunun tərkibinin dəyişdirilməsi tez-tez gündəmə gəlməkdədir. Son olaraq da, Türkiyə və Almaniyanın bu tərkibə daxil olması təklifi irəli sürülüb.
Yenicag.az-a açıqlamasında politoloq Taleh Əliyev bu ideyanın gerçəkləşəcəyini real saymadı: “Almaniya və Türkiyənin Minsk qrupuna cəlb olunması təklifi pozitiv ideyadır. Türkiyə ilə Azxərbaycan arasında münasibətlərin kifayət qədər yüksək olması, Azərbaycan prezidentinin Almaniyaya səfəri çərçivəsində hər iki ölkə rəhbərlərinin bir-birinin ünvanına xoş məramlı mesajları belə düşünməyə əsas verir ki, Berlinin prosesdə iştirakı Azərbaycanın maraqlarına ziyan gətirməyəcək. Almaniya həm də beynəlxalq münasibətlər sistemində kifayət qədər yeri və rolu olan ölkədir. Hesab edirəm ki, Almaniyanın iştirakına Ermənistan tərəfi də etiraz etməz. Amma Türkiyə məsələsində Ermənistan tərəfi kifayət qədər barışmaz mövqe sərgiləyir. Bu ilin qondarma soyqırımın 100 illiyi olması səbəbindən də Almaniya ilə Türkiyənin də Minsk qrupuna cəlb olunması ideyasını real hesab etmirəm. Hər halda bu iki ölkənin cəlbi prosesə əlavə ağrılıq gətirməyəcək. Olsa nə gözəl. Amma olmasa da, hazırkı üçlüyün BMT-nin daimi üzvləri sırasında, habelə kifayət qədər söz sahibi olan ölkələr olduğunu nəzərə alsaq, onlar istəsələr münaqişənin ədalətli həllini tapa bilərlər.
Bu gün həmin istək görünmürsə, ora Almaniya, istər Türkiyənin cəlb olunması problemin həllinə hansısa ciddi töhvə verməyəcək. Dünya gücləri məsələnin həllində ədalətin yox, işğalçının yanında olana qədər problemin həlli də uzanacaq”.
Politoloq Elxan Mehdiyev də məsələyə skeptik yanaşdığını dedi: “Türkiyənin prosesə cəlb oluynması 15 il bundan öncə də gündəmdə idi. Lakin həmişə buna həmsədrlər etiraz edib. Üç həmsədr ölkə bu işi monopoliyaya alıb və ora yeni ölkələrin daxil olmasını istəmir, həm də məsələnin başqa beynəlxalq təşkilatlarda müzakirəsinin əleyhinədir. Bu da ermənilərin maraqlarına uyğundur. Çünki, ermənilər Minsk qrupu həmsədrləri ilə birlikdə işi lokallaşdırıb və bu məsələdən beynəlxalq ictimaiyyətin faktiki olaraq xəbəri yoxdur. Onlar bu cür formatda danışıqların sonsuz getməsində maraqlıdırlar. Bu baxımdan məsələyə skeptik yanaşıram”.
Rüfət