Aprel döyüşləri-Şanlı Tarix kitabımızın ön sözü!
Aprel döyüşləri… Artıq həmin hadisənin üzərindən 10 il ötür. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmışdır.
Öncə hərbi əməliyyatları dayandırmağı, münaqişələrin sülh yolu ilə həll olunmasını təklif edən Azərbaycan, sülhsevərliyi, tolerantlığı və multikultural dəyərlərə sadiqliyini bir daha bütün dünyaya sübut etdi. İşğalçı siyasətini gizlədə bilməyən Ermənistan isə öz növbəsində sülhə gəlməməklə tarix boyu Azərbaycan torpağına qarşı tamahgir niyyətini, cinayətkar üzünü nümayiş etdirdi.
Belə olan halda Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprel döyüşləri Azərbaycan xalqının, dövlətinin şanlı, hərbi qələbəsi oldu. Bu döyüşlər Azərbaycan ordusunun gücünü, vətən oğullarının şücaətini, xalqın qələbə əzmini dünyaya göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir.
Aprel döyüşləri eyni zamanda 44 günlük savaşda qələbənin təməli qoydu. Azərbaycan xalqı “ Dəmir yumruq” kimi birləşərək istər ön cəbhədə, istər arxa cəbhədə çiyin-çiyinə vuruşdu. Nəticədə öz torpaqlarını düşmən işğalından azad edərək gələcək nəsillərin oxuyacağı yeni şanlı tarix kitabını yazdı.
Aprel döyüşləri mərd oğulllarımızın qanı bahasına hər səhifəsi qızıl hərflərlə yazılan bu Tarix kitabının ön sözü oldu.
Cəmilə Əbülfət Kərim













