Aqil ƏLƏSGƏR: Şah və Sultan: ortaq nöqtədə birləşək

media-hightechnic-468x90

agil_alesgerBaxmayaraq ki, Fazil Mustafa mənə qarşı bu gün ona qarşı istifadə edilən üslubdan çıxış etmişdi, amma mən ona qarşı üslubu rəva görmədim və buna etiraz etdim. Ancaq görürəm ki, addım sayımıza qədər təqib edənlər bizi də daxil olmaq istəmədiyimiz bu oyunlara daxil etmək istəyirlər. Hətta deputatın qəbul etmədiyimiz fikirlərinə də bizi ortaq etmək istəyirlər. 

Birmənalı şəkildə bilinməsi lazımdır ki, Fazil Mustafaya haqlı etirazlarla yanaşı birilərinin hadisədən sui-istifadə etməsini dilə gətirməyim onun Şah İsmayıl və ya Babək haqqında dediklərini bölüşməyim anlamına gəlmir və gələ də bilməz.

Babək yanlışı ilə doğrusu ilə bizə məxsusdur. Günümüzü yazan tarixçilər nə qədər tərəfsizdirlərsə, abbasi sarayının tarixçiləri onlardan daha qeyri-obyektiv olublar.

Şah İsmayıla gəlincə, 500 əsrlik Azərbaycan Dövlətinin banisi haqqında söz demək onun qurduğu dövlətin 1/10-dən də kiçik Azərbaycanın vətəndaşının həddi deyil. O zaman haqlı olaraq, sual edilə bilər ki, Şah İsmayılın xətası olmayıbmı? Bu suala sualla cavab versək necə olar? Məsələn, tarixdə səhv etməyən bir hökmdar varmıdır?

Türkiyə Prezidenti Ərdoğanın gözəl sözü var. “Tarixi tarixçilərə buraxmaq lazımdır”…

Tamamilə doğru münasibətdir…

Şah İsmayılın fəaliyyətlərini Güntay kimi bir şəxsiyyətsizin müzakirəsinə buraxarsan, Şahı təhqir etmiş olarsan…

Dediyim kimi, hansı şahın, hansı sultanın səhvi, yanlışı olmayıb ki…

Məsələn, nəinki Osmanlı, Konstantinopolu İstanbul etmək yolunda səfərə çıxan cümlə sultan, padişah və xəlifələr arasında ən şərəflisi, ən izzətlisi Fatih Sultan Mehmetdir. “İstanbul mütləq fəth ediləcəkdir. Onu fəth edən nə ulu bir komandan, onun əsgərləri isə nə gözəl əsgərlərdir”, deyə buyurub Həzrəti Məhəmməd Salavatullah…

İstanbulu fəth etmə müjdəsini alan bir sultandır… Gəl gör ki, Dövləti Aliyədə qardaş qətlini vacib görən və Sultan I Əhməd ləğv edənə qədər onlarla şəhzadənin qətli üçün əsas təşkil edən də “Fatihin Qanunnamə”sidir.

”Və hər hansı övladıma səltənət müyəssər ola, qardaşlarını nizam-ı Aləm üçün qətl etməsi münasibdir. Əksər üləma dahi təcviz etmişdir. Anınla amil olalar. ”

O dövrün şərtlərini, xüsusilə, Sultan Bəyazidin vəfatından sonrakı fetrət dövrünü, Avropa ölkələrinin Osmanlını çökdürmək üçün şahzadələr üzərindən oynadığı oyunları, Bizansın əsir saxladığı və Osmanlını parçalamaq üçün istifadə etdiyi Orxan Çələbini bilməyən üçün Fatih Sultan Mehmet haqsızdır. Lakin Dövləti Aliyənin gələcəyi üçün o zaman bu fərmana ehtiyac var idi və bu gün heç bir tarixçi o fərmana görə, Fatihi suçlamır… Hətta bu günə qədər insanların vicdanını sızladan Şahzadə Mustafanın qətli belə tarixçilərə görə, zəruri idi…

Tarixdən bu məsələyə görə, onlarla fakt gətirmək olar…

Ancaq əsas odur parçalamayıb, birləşdirə, fitnə toxumu səpməyəsən…

Fatih Sultan Mehmeti də, Ağqoyunlu Sultan Həsəni də, Şah İsmayılı da, Yavuz Sultan Səlimi də, Sultan Süleymanı da, Şah Təhmasibi də eyni sevəsən, eyni sevgiylə bağrına basasan…

Çünki yanlışı ilə, doğrusu ilə bütün bunlar bizim tariximizdir…

İstər şiə ol, istər sünni…

Sən 623 illik Osmanlı, 236 illik Səfəvi ilə də qürur duymalısan…

Çünki hər ikisi sənin, mənim tariximdir…

Tarixdən problemli nöqtə axtarsaq, o qədər tapılar ki…

Sən Şah İsmayılın Şamaxıda sünnilərlə bağlı etdiklərindən de, mən Anadoluda başı kəsilən qızılbaş dərvişlərdən… Bunun sonu olacaqmı?

Mövzudan mövzu çıxacaq… Günümüzün şərtləri ilə beş əsr öncəsi üçün verilən hökmün heç bir qüvvəsi yoxdur…

Onun üçün Şahımızı da, Sultanımızı da, günahları ilə, savabları ilə bağrımıza basaq… Və onlara layiq olmasına olmadıq, barı əcdadın sümüklərini sızlatmayaq…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600