İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MAF RODA” və Türkiyənin “Beta” şirkətləri arasında anlaşma memorandumları imzalanıb
Yenicag hafta.az-a istinadən məlumat verir ki, dünən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə aqropark layihəsinin təqdimatına dair forum keçirilib. Forumun keçirilməsində əsas məqsəd təməli dövlət başçısı tərəfindən qoyulmuş “Şəmkir Aqropark”ında yaradılacaq istehsal və emal müəssisələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələlərinin müzakirə edilməsi idi.
“Şəmkir Aqropark” MMC-nin direktoru Zəfər Novruzov bildirib ki, Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılmasına başlanılmış “Şəmkir Aqropark”da müasir istixana kompleksləri, şitilçilik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, “yaşıl market” və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Bu isə yüksək məhsuldarlılığın və mənfəətliliyin təmin edilməsi stimullaşdırılacaq.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev isə deyib ki, dünyada, xüsusilə regionda davam edən neqativ iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və sair əvvəlki illərdə olduğu kimi, tam həcmdə icra olunur. Onun sözlərinə görə, aqrar sektorun modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması əsas hədəflərdən hesab olunur: «Azərbaycanda yaradılan aqroparkların əsas üstünlüyü isə burada dövlətin tam dəstək göstərməsidir. Belə ki, Şəmkirdə aqroparkın yaradılmasını şərtləndirən əsas amil Şəmkirçay dəryaçasının dövlət investisiyaları hesabına tikintisi və böyük torpaq sahələrinin suvarılmasının təmin olunmasıdır. “Şəmkir Aqropark”ın yaradılmasında da dövlət dəstəyinin göstərilməsi, eyni zamanda güzəştli kreditlərdən istifadə edilməsi, aqroservis xidmətlərinin təmin olunması da nəzərdə tutulur. Artıq digər regionlarda da aqroparkların yaradılması istiqamətində işlər aparılır».
Forum çərçivəsində aqroparkda yaradılacaq müəssisələrlə – logistik mərkəzin soyutma sistemlərinin quraşdırılması, qablaşdırma və çeşidləmə müəssisələri ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “MAF RODA” və Türkiyənin “Beta” şirkətləri arasında ilkin anlaşma memorandumları imzalanıb.
www.yenicag.az