Azərbaycanın hər bölgəsinin inkişaf səviyyəsi eyni olmamaqla birlikdə, hər rayonun özünün iqtisadi, mədəni və sosial göstəriciləri var. Bölgələrdəki mədəni-ədəbi mühit də bir-birindən əsaslı şəkildə fərqlənir. Nəzərə alsaq ki, hələ də teatrların olmadığı rayonlarımız var, o zaman mədəniyyətin eynisəviyyəli inkişafından danışmaq yersiz olar. Eyni şəkildə bölgələrin ədəbi mənzərələri arasında oxşar və fərqli cəhətlər də mövcuddur. Yazıçıların oxuculara çıxışının olmaması, kitabları özlərinin nəşr etdirmələri, kitab sərgilərinin az təşkil olunması, görüşlərin yazıçıların öz təşəbbüsləri əsasında keçirilməsi bu problemlərdən sadəcə bir neçəsidir ki, demək olar, onlar bütün bölgələrdə eyni şəkildə təzahür edir.
Ədəbi mühitdə regional təmsil xüsusiyyətlərinə baxsaq, bəzi bölgələrin daha önə çıxdığını görürük ki, bunun səbəbi də istedadla yanaşı, eyni ədəbi mühiti paylaşan qələm insanlarının bir-birinə qahmar çıxmasıdır. Bunun nəticəsində ədəbiyyat aləmində də “bölgələşmə”nin getdiyini deyə bilərik.
Bəs, görəsən, Aran bölgəsində vəziyyət necədir?
Kürdəmirdə yaşayan şairə Aidə Adıgözəl Yenicag.az-a açıqlamasında Kürdəmir və ümumilikə Aran bölgəsindəki mövcud ədəbi durumdan söz açıb.
Aidə Adıgözəl bildirib ki, yazıçı üçün əsas olan şəhər və ya rayonda yaşaması yox, istedadlı olmasıdır:
“Desəm ki, mənim bu bölgədə yaşayan yazıçılardan, onların da məndən xəbəri yoxdur, səmimiyyətimə inanın. Baxmayaraq ki, sosial şəbəkə vasitəsilə tanıdığım xeyli qələm adamı var. Onların məni tanımamasına da normal baxıram, baxardım da… Çünki mən əyalətə köçməmişdən əvvəl otuz il Bakıda yaşamışam. Yəni imzam, ilk növbədə, rayonda deyil, Bakıda tanınıb. Mənə qalsa, bu şəhər-kənd müqayisəsi çox anormal yanaşmadır. Çünki istedadlı olmanın məkan fərqi yoxdur, əyalət və yaxud şəhər mühiti yaradıcılıq üçün sənə ruh vermir. Məhsuldarlıq üçün daxili hüzur, söz və ruh bazası hər zaman sənin öz içində yaşayır, hara getsən, səninlədir. Sadəcə əyalətdə yaşamaq tədbir və sərgilərdə iştirak etməyə maliyyə baxımından müəyyən maddi çətinliklər yaradır. Üstəlik, mənim kimi işsizsənsə, heç bir yerdən gəlirin yoxdursa”.
“Amma onların məndən xəbərinin olmaması da bir az anormal durumdur. Əgər sosial şəbəkələri, saytları mütəmadi izləsəydilər, o zaman imzamı mütləq qəbul edər, tanıyardılar”, – deyə bildirən Aidə Adıgözəl sözlərini belə davam etdirib: “Hazırda, təvazökarlıqdan uzaq da olsa, sosial şəbəkələrdə kürdəmirli şairə kimi müntəzəm tirajlanan, ən çox haqqında yazılar gedən mənəm. Təəssüf, bunlara baxmayaraq, AYB-nin Aran bölgəsində dörd ildir, Kürdəmirə, kəndə köçməyimə rəğmən, mənimlə bağlı heç bir maraqlanma, dəstəklənmə kimi bir münasibətə rast gəlməmişəm”.
Təkcə Aran bölgəsində yox, hər bir bölgədə müəllifin tək ehtiyacının onun düşüncəsinin istehsalı olan məhsulun satılması olduğunu bildirən Aidə Adıgözəl bu zaman yaradıcı insanın yazmağa daha çox adaptasiya olduğunu qeyd edib:
“Çünki buna mütləq stimulu var. Əsasən, orta məktəb kitabxanalarına şair və yazıçıların kitabları alınmalı, yerlərdə müxtəlif görüşlər təşkil olunmalı, müəllif-oxucu təması qurulmaqla yeni oxucu təbəqəsi yetişdirilməlidir. Erkən yaşda mütaliə edən adamın söz bazası, intellekti daha çox inkişaf edir. Bizim gənclik dövrümüzdə məhz beləydi, biz nasiri məktəbdən tanıyıb oxuyurduq. Mən yaxında bu tipdə post paylaşmışdım. Dili qoruyan ədəbiyyatdır, əgər bədii əsərlər olmasa, oxunmasa, gələcək nəsil nəinki bölgə dialektindəki sözləri anlamaqdan, hətta öz doğma dilindən belə uzaq düşəcək”.
Şairə paytaxt ilə bölgələrdə yazıb-yaratmaq arasındakı əsas fərqin maddi çətinlik olduğunu xüsusilə vurğulayıb.
“Vəsait olsa, hər tədbirdə iştirak edə bilərsən, kitablarını daha geniş şəkildə yerli auditoriyaya tanıda və xarici mühitə tərcümə etdirib çıxara bilərsən”, – deyən Aidə Adıgözəl bunları söyləyib:
“Məsələn, mənə xaricdə kitabımın çıxarılması ilə bağlı təkliflər gəlir. Əfsus ki, maddi sıxıntılar üzündən edə bilmirəm. Üç kitabımın üçünü də mənimçün dostlarım çıxarıb. Kəndimizdə iki orta məktəb var, amma bu günədək nə o məktəblərə görüşə dəvət olunmuşam, nə də birində haqqımda söz açılıb”.
Şairə fikirlərini: “Dilimiz təhlükə qarşısındadır, biz nə qədər SOS zəngləri çalsaq da, hələ ki səsimizi kimsə eşitmək istəmir. Bəli, məhz istəmir…” – deyə yekunlaşdırıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu Yenicag.az-a regiondakı ədəbi mühitlə bağlı məlumat verib.
O bildirib ki, bu gün Aran ədəbi mühiti Bakı ədəbi mühiti ilə qaynayıb-qarışıb:
“Yəni Səyyad Aran, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Murad Qoçuoğlu, Şahnaz Şahin, Səxavət Talıblı və başqaları artıq Bakıda yaşayırlar. Mənim çox hörmət etdiyim və çox istedadlı şair və yazıçılardan Nisə Bəyim, Muxtar Əhməd, Valeh Bahaduroğlu, Əliağa Mərdanlı və başqaları dünyalarını dəyişib”.
“Amma bölmənin sıx əlaqə saxladığı Firidun Həsənağa, Ağasəlim Hacıyev, İsrafil Quliyev, Şöhrət Qaraoğlu, Əli Aşiq, Nazim Zahid, Aləm Gövhərli, Səxavət Tağlar və başqaları eyni həvəs və yaradıcılıq uğurları ilə yazıb-yaradırlar”, – deyən Sərvaz Hüseynoğlu bölmənin İmişlidə ayrıca ofisinin olduğunu da bildirib:
“Yaradıcı adamlarla, ziyalılarla görüşlərimiz olur. Saatlı, Sabirabad, Biləsuvar rayonlarında da həmçinin. Kitab təqdimatlarını vaxtaşırı keçiririk”.
O bildirib ki, son 4 ildə bölmə Aran ədəbi mühitinə bağlı şair və yazıçıların əsərlərindən ibarət 4 almanax nəşr etdirib:
“Göyçayda Xalq şairi Rəsul Rzanın ev muzeyində “Poeziya Günü” keçirilib, bölgədə yazıb-yaradan şair və yazıçıların Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına səfərləri təşkil olunub. Kitabları nəşr olunub və təqdimatları keçirilib”.
Çatışmazlıqların da olduğunu dilə gətirən AYB-nin Aran bölməsinin sədri ən böyük çatışmazlığın istedadlı gənclərin, əsl sənət fədailərinin seyrəlməsi olduğunu bildirib:
“Bu da təbiidir. Az-çox özünə güvənənlər Bakıya üz tutur, ya da sənət uğuru ilə seçilməyənlər kitablarını çap etdirməyə nail olurlar, AYB üzvlüyünə qəbula yol tapırlar. Özlərinə təmtəraqlı görüşlər təşkil edirlər. Bu, ağrılı bir prosesdir. Bölmə ictimai əsaslarla fəaliyyət göstərdiyindən bir çox layihələrimiz arzu olaraq qalır. Əlbəttə, əsas meyar sənətdir. Ondan kənarda mən yoxam”.
Aqil Bəkir
www.yenicag.az