Statistikaya görə, dünyada təxminən hər üç qadından biri fiziki və ya cinsi zorakılığın qurbanı olur.
Azərbaycanda cinsi ayrı-seçkiliklə mübarizə dedikdə isə bu məsələ əsasən cinsi zorakılıq, mənəvi təzyiq və selektiv abortlar çərçivəsində müzakirə olunur.
Qeyd edim ki, Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Ölkəmizdə məqsədyönlü gender siyasətinin aparılması danılmaz faktdır. Bu fonda Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu, qadın hüquqlarının qorunması sahəsində isə Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Dövlət səviyyəsində atılan vacib addımlara baxmayaraq, bu gün məişətdə qadınlara layiq olmayan münasibətlərə də rast gəlmək mümkündür. Belə ki, hələ də əksər ailələrdə cinsi ayrı-seçkilik hökm sürür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşsə də, bu gün ölkəmizdə əksər məsələlərdə kişi-qadın bərabərliyinə əməl olunmaması təəssüf doğurur. Xüsusən də qadınlara qarşı zorakılığın və qadın qətllərinin artması gender bərabərliyi sahəsində arzuolunan səviyyədə olmadığımızı göstərir. Bunun bariz nümunəsidir ki, Azərbaycanda qadına qarşı zorakılıq və qadın qətlləri hər gün artmaqda davam edir. Cari ilin 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Qəribədir ki, ailədə fiziki və psixoloji zorakılıqla üzləşən qadınlar hüquq-mühafizə orqanlarına müraciət etsələr də, çox hallarda onların şikayəti təmin olunmur. Müvafiq qurumlar sadəcə tərəfləri barışdırmaqla problemin həllinə can atırlar. Bu isə ailədaxili məşiət zorakılığı faktlarının artmasının qarşısını almır. Hər il minlərlə qadın cinayətin, məişət zorakılığının qurbanı olur, onların az bir hissəsi rəsmi təsdiqini tapır. Səbəblər isə müxtəlifdir. Buna rüşvətxorluq, ailə dəyəri kimi cəmiyyətə sırınan stereotiplər, hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyi və s. səbəbləri misal çəkmək olar. Cinayətlərə zəmin yaradan amillər isə həm psixoloji, həm də sosial-iqtisadi durumdan qaynaqlanır.
Məişət zorakılığına məruz qalan şəxslərin arasında yetkinlik yaşına çatmayan uşaqlar da var. Ailədaxili şiddətin artması uşaqların travma almasına, gələcəkdə psixoloji cəhətdən çətinliklə üzləşməsinə və insanlarla münasibətinə mənfi təsir edir. Həmçinin uşaq gələcəkdə zorakı əməllər sərgiləyə bilər. Araşdırmalara görə, ailədaxili məişət zorakılığı hallarında daha çox incidilən məhz qız uşaqlarıdır. Ailədə oğlan uşağına daha üstün münasibət göstərilməsi və oğlanın əl üstündə saxlanması kimi hallar qız uşaqlarının özünə inamsız böyüməsinə yol açır. Cəmiyyətimizdə oğlan uşaqlarının daha üstün tutulması hələ də problem olaraq qalmaqdadır.
Bakı Araşdırmalar İnstitutunun İqtisadi Qrupunun araşdırmasına görə, 1991-ci ildən sonra doğulan uşaqların sırasında oğlanlar üstünlük təşkil edir. 2001-ci ildən sonra doğulan uşaqların strukturunda isə fərq daha da artıb. Oğlan uşaqlarının sayının qızları üstələməsi tendensiyası bütün rayonlarda müşahidə edilir. Rayon və şəhərlər üzrə müqayisə edildikdə qızların ən aşağı payı Naftalan şəhərində qeydə alınıb. Burada 0-14 yaşlı insanların cəmi 42,86 faizinin qız olduğu müəyyənləşir. Qızların sayının çox olduğu yeganə rayon Ordubaddır. Burada aşağı yaş qrupuna daxil olanların 51 faizi qızlardır.
Ekspertlərə görə, oğlanların çoxluğu demoqrafik cəhətdən qorxulu olmasa da, bu vəziyyət psixoloji cəhətdən qorxuludur. Çünki bir çox hallarda ana bətnində uşağın cinsiyyəti müəyyənləşdirilir və uşaq qızdırsa, hamiləliyə süni şəkildə son verilir. Bu neqativ sarsıntı cəmiyyətə ötürülür və aqressiya sürətlə artır. Baxmayaraq ki, 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalanıb. Qanunun 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Bu qanun bir sıra beynəlxalq sənədlərə uyğun şəkildə hazırlanıb və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Hazırkı mərhələdə uşaqların dövlət səviyyəsində sosial-hüquqi və psixoloji müdafiəsinə yönəldilməsi, vətəndaşlarda gender və demoqrafiya ilə bağlı müəyyən təəssüratın formalaşdırılması üçün maarrifləndirmə işlərinin daha sıx şəkildə aparılması vacibdir. Eyni zamanda, media mənsublarının sözügedən məsələdə peşəkarlaşmasını təmin etmək üçün müvafiq qurumlar tərəfindən təlimlər keçirilməlidir.
Qeyd: Bu yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur.
Yazıda əks olunan fikirlər Avropa İttifaqının, BMT-nin Əhali Fondunun və layihə tərəfdaşlarının mövqeləri ilə üst-üstə düşməyə bilər.
Gülşən Şərif