Qazaxıstandan TDT-yə qarşı növbəti addım: ŞKTR-dəki Ağsaqqallar Şurası toplantısı ərəfəsində YENİ QƏRAR
Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən bəzilərinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) Avropa İttifaqı ilə razılaşması fonunda TDT Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Respublikasında keçirilməsi qərarlaşdırıldıqdan sonra Qazaxıstan bu qurumla bağlı qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, ölkə parlamenti “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsi haqqında Protokolun ratifikasiyası haqqında” qanun qəbul edib.
Qanunda Ağsaqqallar Şurası haqqında əsasnamənin “təsdiqlənməyəcəyi”, Xarici İşlər Nazirləri Şurası tərəfindən ona “razılıq veriləcəyi” qeyd olunub.
Bununla, TDT-nin Ağsaqqallar Şurası qurum olaraq zəiflədilib. Əgər Ağsaqqallar Şurası əvvəlki kimi güclü olsaydı (sənədləri rəsmi təsdiqlənərək qəbul olunsaydı), bu iclasın nəticələri təşkilatın rəsmi mövqeyi kimi çıxış edə bilərdi, lakin indi Ağsaqqallar Şurasının qərarları sadəcə “razılıq verilən” sənədlər olacaq, yəni tam hüquqi təsdiqi olmayacaq.
Qısası, Ağsaqqallar Şurası Şimali Kiprdə tədbir keçirə, bəyanatlar verə bilər, amma bu bəyanatlar Türk Dövlətləri Təşkilatının rəsmi və yekdil mövqeyi hesab etmək çətin olacaq.