Almaniya müdafiə xərclərini ÇOXALDIR – Bundesver SƏHNƏYƏ QAYIDIR?
“Mən düşünürəm ki, Merz dövründə onun Ukraynaya dəstəyi davam edəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
Ekspert Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına əsasən, Almaniyanın hərbi xərclərini 28% artırmasını şərh edib.
Polkovnik bildirib ki, Almaniya müdafiəsini gücləndirməyə çalışır:
“Almaniya hərbi xərcləri 28% artırmağa məcburdur. Çünki, son vaxtlar dünyada baş verən proseslər bir sıra ölkələri bu addımı atmağa məcbur edir. Xüsusən Rusiyanın Ukraynaya 2022-ci ildə açıq və kobud şəkildə təcavüzü dünya dövlətlərini hərbi xərcləri artırmağa məcbur edir. Bu da SIPRI-nin hesabatlarında öz əksini tapıb. Artıq dövlətlər hərbi sahəyə xeyli vəsaitlər xərcləyirlər. Bizim qonşumuz Ermənistan belə hərbi xərcləri artırmağa qərar verib. Azərbaycan da 2025-ci il üçün hərbi xərclərini artırıb. Bu da regionda baş verən proseslərlə bağlıdır”.
Onun sözlərinə görə, Almaniyaya qaldıqda isə onlar buna məcburdurlar:
“Çünki Almaniya özü də başa düşür ki, ərazi cəhətdən həm sərhədlərlə bağlı məsələlər aktuallaşıb, həm də Rusiyanın təcavüzü dünya dövlətlərini hərbi xərclərini artırmağa sövq edib. Aydın məsələdir ki, bu Soyuq müharibədən sonra tarixin ən böyük hərbi xərclərdir. Bunu hər kəs görür və başa düşür. Hər bir halda düşünmürəm ki, almanlar bu dəfə savaş başlasınlar. Almanlar, əksinə, Merz dövründə dünyada sülhün və əmin-amanlığın bərqərar olunması üçün çağırışlar edəcək, sülhə töhfə verməyə çalışacaq. Eyni zamanda da: Almaniya hərbi xərclərini artırmaqla öz müdafiə qüdrətini gücləndirməyə çalışacaq. Son hadisələr, yəni Amerikanın Rusiya qarşısında acizliyi onu deməyə əsas verir ki, hər bir dövlət çalışır ki, öz təhlükəsizliyini təmin etmək üçün hərbi qüdrətini artırsın. Məhz bu səbəbdən Almaniya hərbi xərcləri kifayət qədər ciddi rəqəmdir. Almaniya yeni silah-sursatın, yeni nəsil müdafiə qurğularının, hava hücumundan müdafiə sistemlərinin alınmasına bu vəsaitləri sərf eləmək fikrindədir”.
Ü. Cəfərov Merzin seçkiöncəsi Ukraynaya verdiyi dəstək sözünü yerinə yetirəcəyini düşünür:
“Merz seçilməzdən öncə Almaniyanın ordusunun gücünü artıracağını söz vermişdi. Məncə bu hər hansı savaş üçün hazırlıq planı deyil. Almaniya ola bilər ki, Ukrayna savaşının sülh yolu ilə həlli üçün müəyyən təkliflər irəli sürə bilər. Bu da yaxın dönəmdə hər birimiz üçün aydın olacaq. Mən düşünürəm ki, Merz dövründə onun Ukraynaya dəstəyi davam edəcək. Rusiyaya qarşı sərt siyasəti bir az da sərtləşəcək. Bu da dünyada baş verən qlobal proseslərin tərkib hissəsidir. Yəməndə husilərlə bağlı, Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS toqquşması, indi də mümkün Hindistan-Pakistan toqquşması – bunlar dünya ölkələrini məcbur edir ki, onlar öz hərbi güclərini artırsın”.
Yenicag.az