Koreya Üçüncü Dünya müharibəsi ARZUSUNDADIR: “Əgər sərhədi keçərək Ukrayna ərazisində döyüşsələr...”
“Bunun daha geniş miqyaslı beynəlxalq gərginliyə, hətta Üçüncü Dünya müharibəsi ehtimalına qədər aparacağını istisna edilmir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində döyüşə göndərilən Şimali Koreya əsgərlərinin proseslərə mümkün təsiri barədə təhlil aparan siyasi ekspert Asami Terajima yazıb.
O, yazdığı məqalədə bildirib ki, Rusiya üçün döyüşən Şimali Koreya qoşunlarının gələcəyi qeyri-müəyyən olaraq qalır:
“Ekspertlər və Ukrayna rəsmiləri bu qüvvələrin Ukraynanın özündə döyüşmək üçün yenidən yerləşdirilə biləcəyini deyirlər. Ukrayna parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Oleksandr Merejko bu ehtimalın Şimali Koreyanın Ukrayna ilə müharibə vəziyyətinə keçməsi anlamına gələcəyini qeyd edib. Həmçinin ciddi hüquqi, siyasi və hərbi nəticələr doğura biləcəyini vurğulayıb. ABŞ və Cənubi Koreya kimi ölkələrin sərt reaksiya verəcəyi də istisna edilmir”.
Onun sözlərinə görə, Şimali Koreya əsgərləri artıq Rusiyanın Kursk vilayətində döyüş təcrübəsi qazanıblar:
“2024-cü ilin dekabrında bölgəyə yerləşdirilən bu qüvvələr Moskva ilə birgə Ukrayna qüvvələrinə qarşı döyüşüblər. Aprel ayında Cənubi Koreya rəsmiləri 14 minə yaxın Şimali Koreya əsgərinin Rusiyaya göndərildiyini, onların əksəriyyətinin xüsusi əməliyyat bölmələrinə mənsub olduğunu bildirdilər. Döyüş təcrübəsi qazanan bu əsgərlərin Ukraynadakı cəbhə xəttinə göndərilməsi ilə bağlı narahatlıqlar artır”.
Qeyd olunur ki, Kiyevdəki Müdafiə Strategiyaları Mərkəzinin rəhbəri Andriy Zaqorodnyuk və deputat Ruslan Qorbenko bu qüvvələrin Ukraynada aktiv döyüşə qoşulacağını düşünürlər. Qorbenko 2025-ci ildə bu əsgərlərin hücum bölmələri kimi Ukrayna ərazisində fəaliyyət göstərəcəyini bildirib. ABŞ-nin keçmiş dəniz piyadası Rob Li isə bu qoşunların Belqorod vilayətində də yerləşdirilə biləcəyini ehtimal edir. Digər tərəfdən, Şimali Koreyanın qoşunlarını geri çağırması variantı da gündəmdədir.
Qərb ekspertləri bu əsgərlərin döyüş meydanında effektivliyini vurğulayırlar. Onlar fiziki cəhətdən hazırlıqlı, ideoloji motivasiyalı və döyüş şəraitinə uyğunlaşa bilən qüvvələr kimi təsvir olunurlar. Əgər sərhədi keçərək Ukrayna ərazisində döyüşsələr, bu, beynəlxalq hüquq baxımından təcavüz aktı sayılacaq və Pxenyan Ukrayna ilə müharibə vəziyyətinə düşəcək. Ekspertlər bunun daha geniş miqyaslı beynəlxalq gərginliyə, hətta Üçüncü Dünya müharibəsi ehtimalına qədər aparacağını istisna etmirlər.
Nəsimi Ələsgərli