Atəşkəslə Fələstinə DİKTƏ? – “Razılaşmalar birbaşa İsrailə göstəriləcək təzyiqlərdən asılıdır”

media-hightechnic-468x90

“İndiyə qədər İsraillə HƏMAS arasında bu və ya digər formada atəşkəsin əldə olunması üçün müxtəlif təşəbbüslər olub. Xüsusilə ərəb ölkələri, o cümlədən Qətər tərəfindən zaman-zaman bu cür təşəbbüslər irəli sürülüb və müəyyən razılaşmalar da əldə edilib. Girovların və əsirlərin mübadiləsi kimi proseslərin şahidi olmuşuq. Lakin uzunmüddətli atəşkəsin əldə olunması istiqamətində real irəliləyişə nail olmaq mümkün olmayıb. Tərəflər bir-birini əldə edilmiş razılaşmanı pozmaqda ittiham edərək, bu və ya digər formada müharibəni davam etdiriblər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-17297883452037457118671a79b96f1d2

Siyasi təhlilçi İsrail və HƏMAS arasında ABŞ tərəfindən təklif edilən müvəqqəti atəşkəsin siyasi motivlərini və pərdəarxası məqamlarını izah edib.

R. Bayramov xatırladıb ki, artıq 10 gündən çoxdur ki, Dohada atəşkəslə bağlı danışıqlar aparılır:

“Bu danışıqlar çərçivəsində tərəflər arasında müəyyən fikir ayrılıqları mövcud olub. Məsələn, HƏMAS qeyd-şərtsiz 90 günlük atəşkəs təklifi ilə çıxış edirdi. İsrail tərəfi isə yalnız 60 günlük atəşkəsin mümkün olduğunu bildirirdi. Fikir ayrılıqları, eyni zamanda, girovların sayı və onların qaytarılma mexanizmi ilə bağlı idi. Misal üçün, HƏMAS girovların mərhələli şəkildə qaytarılmasını təklif edirdi. İsrail isə bütün girovların dərhal və birdəfəlik azad olunmasında israr edirdi”.

Onun sözlərinə görə, nəticə etibarilə, bir gün tərəflər razılığa gəldiklərini bəyan etsələr də, artıq növbəti gün danışıqlarda yenidən fikir ayrılıqlarının ortaya çıxdığını gördük:

“Hazırda isə beynəlxalq ictimaiyyətə də məlumdur ki, Qəzza zolağında atəşkəsin əldə olunması yalnız və yalnız ABŞ-nin İsrailə bu istiqamətdə nə dərəcədə təzyiq göstərəcəyindən asılıdır. Əgər doğrudan da hansısa ölkə müharibənin dayandırılmasını və Qəzzada atəşkəsin əldə olunmasını istəyirsə, ilkin mərhələdə həmin əraziyə humanitar yardımın çatdırılması üçün İsrailin qoyduğu maneələri aradan qaldırmalıdır. İsrail maksimum şəkildə Qəzzanı nəzarətdə saxlamaq və bu prosesi ABŞ ilə birlikdə idarə etməkdə maraqlıdır. Zaman-zaman Qəzza əhalisinin digər ərazilərə köçürülməsi kimi təkliflərin irəli sürülməsi də məhz bu məqsədə xidmət edir. Halbuki, cəmi 15 gün əvvəl HƏMAS Qəzzanın idarəçiliyindən çəkilməyə hazır olduğunu bəyan etmişdi. Buna baxmayaraq, biz yenidən İsrail tərəfindən hərbi əməliyyatların başladıldığını gördük”.

“Odur ki, bu gün aparılan danışıqlar və əldə oluna biləcək razılaşmalar birbaşa İsrailə göstəriləcək təzyiqlərdən asılıdır. Əgər ABŞ doğrudan da bu təzyiqi göstərərsə, düşünürəm ki, HƏMAS da müvafiq sənədlə razılaşacaq. Yox, əgər sənəd birtərəfli şəkildə yalnız İsrailin tələblərinə əsaslanacaqsa və yeni girovların azad edilməsinə baxmayaraq İsrail Qəzza ərazisini tərk etməyəcəksə, onda Stiv Vitkoffun təqdim etdiyi atəşkəs planında da hər hansı ciddi irəliləyişin əldə olunması mümkün olmayacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600