ATƏT-in Varşava toplantısının ardından

Azər HƏSRƏT, [email protected]

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun daha bir illik toplantısı öz işini ötən həftə – sentyabrın 22-də başa çatdırdı. Əvvəlki illərdə olduğu kimi bu il də toplantının ifadə azadlığı, birləşmək hüququ, demokratikləşmə, seçkilərlə bağlı müzakirələr keçirilən ilk üç günündə iştirak etdim. Sentyabrın 11-13-də qatıldığım və bir an belə ayrılmadığım sessiyalarda beş ayrı çıxış etdim.

Azərbaycan dövlətinin, xalqının mənafelərinə uyğun fikirlərimi səsləndirdim, qlobal və ATƏT bölgəsinə aid tənqid və təqdirlərimi dilə gətirdim.

Şəxsən mənim iştirak etdiyim sessiyalar canlı, maraqlı, bəzən də çox sıcaq bir ortamda keçdi. İrəli qaçaraq onu da deyim ki, hər zamankı kimi bu il də həm dövlət, həm də QHT təmsilçilərimiz sessiyalarda fəallıqlarıyla seçildilər. QHT təmsilçiləri olaraq Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova və mən ilk gündən tədbirə fəal şəkildə qatıldıq. Bizdən bir gün sonra toplantıya qatılan Əhməd Şahidov da hazırlıqlı gəlmişdi.

Tədbirdə iştirakımızla bağlı mətbuatda xəbərlər yayımlandığı üçün bunun üzərində durmadan bəzi qeydlərimi təqdim etmək istərdim.

Qeyd edim ki, biz bu tədbirlərə qatılanda həmişə görmüşük ki, Azərbaycana qarşı üç istiqamətdə hücumlar olur. Bir qayda olaraq ilkin işarəti ABŞ rəsmi təmsilçisi verir. İkinci cəbhədən Ermənistanın rəsmi təmsilçiləri hücuma keçir. Üçüncü cəbhədən isə Azərbaycanlı olub ermənilərlə eyni səfdə yer alan “bizimkilər”. Ona görə də bizim kimi QHT təmsilçiləri heç vaxt Bakıdan hazır çıxışlarla getmirik bu toplantıya. Bilirik ki, əlimizdə olan çıxış heç bir işə yaramayacaq. Uzun illərin təcrübəsi də bunu təsdiq edir. Hələ nəzərə almaq lazımdır ki, hər üç cəbhədən olan hücumlar bizi məcbur edir ki, Azərbaycandakı demokratikləşmə məsələlərini bir kənara qoyub dövlətimizə qarşı haqsız çıxışlara cavab verək. Halbuki biz o toplantılara qatılaraq həm tənqidlərimizi, həm də təkliflərimizi dilə gətirməyi hədəfləyirik.

Yenə də irəli qaçaraq deyim ki, bu dəfəki durum əvvəlki illərdən xeyli fərqli idi. Tədbirin elə ilk günü bizim əlimizi bərkidəcək xəbərlərlə başladı. Bəlli oldu ki, Prezident İlham Əliyev Azərbaycan sərhədlərini qanunsuz pozduğu üçün həbsdə yatan blogger Aleksandr Lapşini humanistlik göstərərək əfv edib. Bunun ardınca istintaq müddəti üçün saxlanılmış “Turan” Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi xəbəri gəldi. Yəqin ki, bu addımların atılması da “hücumçular”ın ruhdan düşməsinə səbəb oldu. Nə ABŞ, nə də ermənilər üzərimizə sərt şəkildə gələ bilmədilər. Amma ermənilərin səfində yer alması heç kimdə şübhə doğurmayan məlum subyekt – Emin Hüseynov yenə də öz ampluasında idi: Azərbaycanı öz ağlınca yerdən yerə vururdu. Lakin bu dəfə onun çıxışı heç bir effekt vermədi. Verməsi də mümkün deyildi.

Eminin fəaliyyətinin effektsiz olmasını həm də onun bu dəfə yan tədbirlər keçirməməsi sübut edirdi. Bir qayda olaraq ATƏT-in yüksək tədbirlərində fəallıq edən, yan tədbirlər keçirib dünya ictimaiyyətinin diqqətini Azərbaycandakı “repressiv diktatura” rejiminə cəlb etməyə çalışan bu subyekt indi qanıqara görünürdü. Səbəbini soruşdum. Niyə yan tədbir keçirməməsini öyrənmək istədim. Cavabı bu oldu ki, daha effektiv üsuldan istifadə edəcəkmiş. Özünün dediyi kimi, “hədəfə yönəlik dəqiq zərbələr” endirəcəkmiş. “Endirdi” də. Öz ağlınca “dəqiq zərbə” sandıqları bu dəfə heç bir effekt vermədi. Çünki onun ardınca çıxış edib yalanlarını həm Sahib Məmmədov, həm də mən alt-üst etməli olduq. Örnək üçün, iddia etdi ki, Mehman Əliyev barəsində həbs qəti imkan tədbiri ev dustaqlığıyla əvəz edilib və “Turan”ın fəaliyyəti yasaqlanıb. Biz bunun belə olmadığını faktlarla sübut etdik. Təbii ki, orda oturanlar da təsadüfi adamlar olmadığı üçün nəyin nə olduğunu anladılar.

Qeyd etdiyim kimi, bizi hədəfə alan ermənilərdir həm də. Bu dəfə də boş dayanmadılar. Yalnız taktikanı bir balaca dəyişmişdilər. Ermənistanın rəsmi təmsilçisi çıxışlarında Azərbaycanın adını çəkmir, amma dolayısıyla bizi hədəfə alırdı. Əlavə olaraq Dağlıq Qarabağ haqqında üçüncü tərəf – müstəqil subyekt kimi söz edirdi. Ona görə də şəxsən mən onların boş ittihamlarına cavab verməli oldum. Prezident Administrasiyasının təmsilçisi Gülsel Səfərova isə onun sözünü ağzında qoyaraq etiraznı bildirdi, müdaxilə edərək təbliğatının qarşısını aldı. Özü də yetərincə sərt bir şəkildə. Ermənistan nümayəndəsi bir anlıq özünü itirdi, toparlanıb Azərbaycanı ittiham etdi, əlavə olaraq qeyd etdi ki, ATƏT-in belə tədbirlərində bir ölkənin rəsmi nümayəndəsinin başqa bir ölkənin rəsmi nümayəndəsinin sözünü kəsməsi ilk dəfə baş verir. Onun etirazına baxmayaraq moderator Gülsel xanıma sözünü demək üçün imkan verdi.

Belə müdaxilələrdən birini də MSK təmsilçisi Rövzət Qasımov etməli oldu. O, sessiyalardan birində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin çıxışına kəskin müdaxilə etdi. İş ondadır ki, Qənimət Zahid heç dəxli olmadan mövzudan kənar danışmağa başladı. Bir müddət onu dinləyəndən sonra Rövzət Qasımov moderatora etirazını bildirdi. Qənimət Zahidə xəbərdarlıq edildi ki, mövzu üzrə danışsın. O, öz çıxışını rus dilində edirdi. Moderatorsa ingiliscə danışırdı. Ona görə də məndən soruşdu ki, o nə deyir? Zarafata salıb cavab verdim ki, “adam deyir, harda nə danışacağınızı öyrənin, sonra belə yerlərdə çıxış edin”. Qənimət güldü və “yaxşı” deyib çıxışına davam etdi. Bu dəfə də mövzudan kənar danışınca Rövzət Qasımov təkrar müdaxilə etdi və moderator çıxışı dayandırıb xəbərdarlıq etməli oldu. Qənimət yenə də mənə üz tutdu ki, “bu indi nə istəyir?” Cavab verdim ki, “hələ də anlamadınmı ki, mövzu başqadır” deyə sual edir. “Yaxşı” deyib çıxışına davam etdi ki, “elə mən də o mövzunun üzərinə gəlirəm”. Seçkilərdən danışmalıydı. Amma bu anda vaxtı bitdi, moderator müdaxilə etməli oldu. Qənimət Zahid çatdırıb sözünün “mustafasını” deyə bilmədi.

Daha iki halda müdaxilə müşahidə edildi. Bir müdaxilə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının çıxışı zamanı oldu. Onun Qarabağın işğalı, erməni təcavüzünün fəsadları barədə çıxışı etirazla qarşılansa da sonadək sözünü dedi və çıxışını tam olaraq təqdim etdi.

Bir də mənim bir çıxışıma moderator müdaxilə etdi. Siyasi iştirakçılıq mövzusunda müzakirələrdə Ermənistanın işğalçılıq siyasəti, insanlarımızın qaçqın-köçkün durumunda olması haqqında danışdım. Bunun mövzudan kənar olduğunu iddia edən moderator müdaxilə edəndə onu təmkinli olmağa, məhz elə mövzuya uyğun danışdığıma əmin olmaq üçün sonadək dinləməyə dəvət etdim. Sözümü onunla bitirdim ki, bu işğalın sonucu bir milyonadək insanımızın siyasi proseslərdə yetərincə fəal iştirakını əngəlləyir. Çünki onlar pərən-pərən düşüblər, işğal altındakı ərazilərdə bələdiyyələrin formalaşdırılması mümkün deyil.

Ümumilikdə üç gün ərzində əmin oldum ki, Azərbaycanın istər QHT, istərsə də dövlət təmsilçiləri həm fəallıqlarıyla, həm də peşəkarlıqlarıyla seçildilər. Əvvəlki illərdə də belə idi. Amma o illərdə erməni cəbhəsindən olan “bizimkilər” də çox fəal idilər. Bu dəfə də fəallığa cəhd etdilər. Lakin alınmadı. Arzu etdikləri görüntünü, ajiotajı yarada bilmədilər. Bir daha əmin oldum ki, sırf dövlətçilik maraqlarından çıxış etməyimiz, məqsədyönlü, ardıcıl mövqe sərgiləməyimiz bizə qarşı olanları əməlli-başlı tərksilah edib. Bu isə o deməkdir ki, belə tribunalardan işini bilən dövlət təmsilçilərinin çıxış etməsi, təcrübəli QHT nümayəndələrinin danışması bizimlə bağlı gerçək dəyişikliyə səbəb ola bilər və bilir də.


Qənimət Zahid və Azər Həsrət

Yeri gəlmişkən, Qənimət Zahidlə söhbət də etdik. Qürbətdə necə yaşamasını soruşdum. Etiraf etdi ki, çətindir. Amma məcburdur. Öz adıma dedim ki, Azərbaycanda kimsənin səninlə işi yoxdur ki, başını alıb qaçmısan. Zarafatla cavab verdi ki, şərait yaradın, qayıdaq.

Eminlə bağlı isə sonradan öyrəndiyim maraqlı bir olay oldu. Mən Bakıya Kiyev üzərindən qayıdırdım. Hava limanında təsadüfən bununla rastlaşdım. Dedi ki, Kiyevdə Avropa Birliyinin bizimlə bağlı bir toplantısına qatılmaq üçün bura gəlib, indi Varşavaya qayıdır. Qaçırdı, ayrıntıları öyrənə bilmədim. Az sonra Azərbaycandan həmin toplantıya qatılmış həmkarlarımız gəlib çıxdı. Onda öyrəndim ki, Emin bu toplantıda da dəxli olmayan məsələlər haqqında danışmaq istəyib, sözünü kəsiblər. Bir neçə dəfə cəhd etsə də istəyinə çata bilməyib, suyu süzülə-süzülə geri dönüb…

 

COP29