Sabah Almaniyanın ev sahibliyi etdiyi 17-ci Avropa futbol çempionatı (Avro- 2024) başlayır. 31 gün davam edəcək turnirdə 24 milli komanda mübarizə aparacaq.
Yenicag.az xəbər verir ki, açılış oyunu Münhendə keçiriləcək və turnirin ev sahibi Almaniya Şotlandiyanı qəbul edəcək.
Türkiyənin də F qrupunda yer aldığı turnirdə qardaş ölkənin millisi ilk oyununu Gürcüstana qarşı keçirəcək.
Avropa çempionatında 24 komanda dörd nəfərdən ibarət 6 qrupda mübarizə aparacaq. Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 komanda son 1\16 mərhələsinə yüksələcək. Qrup yarışları çərşənbə günü, iyunun 26-da başa çatacaq.
İyunun 29-da start götürəcək 1/8 final mərhələsindən etibarən turnir birdəfəlik eləmə üsuluna keçəcək. Turnirdə 1/4 finalın oyunları iyulun 5-i və 6-da, yarımfinalın oyunları isə iyulun 9-u və 10-da keçiriləcək.
Avro-2024-ün çempionu iyulun 14-ü, bazar günü Berlin olimpiya stadionunda keçiriləcək final oyununda müəyyənləşəcək.
Türkiyə millisi F qrupunda Portuqaliya, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq. Türkiyə yığması çempionatın ilk oyununda iyunun 18-də Dortmundda Gürcüstanla qarşılaşacaq. Yığma qrupda ikinci oyununu iyunun 22-də Dortmundda Portuqaliyaya, üçüncü oyununu isə iyunun 26-da Hamburqda Çexiyaya qarşı keçirəcək.
Turnirdə mübarizə aparacaq qruplar və komandalar aşağıdakılardır:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.
D qrupu: Hollandiya, Fransa, Polşa, Avstriya.
E qrupu: Ukrayna, Slovakiya, Belçika, Rumıniya.
F qrupu: Portuqaliya, Çexiya, Gürcüstan, Türkiyə.
İsmayıl Bakuvi
www.yenicag.az