!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avro dəyər qazanmağa davam edəcəkmi?

!Reklam – Yazi

Bu gün Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının 2023-сü ildə ilk toplantısı olacaq. Toplantıda uçot dərəcəsinə yenidən baxılacaq. Ötən gün digər tənzimləyici Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 4,50-4,75 %-ə çatdırdı. Bundan əvvəl 0,50 faiz bəndi, ona kimi isə ardıcıl olaraq 4 dəfə 0,75 faiz bəndi həddində artım oldu.

Göründüyü kimi tədricən artım tempi aşağı salınır. Lakin FED-in ritorikası onu deməyə əsas verir ki, qiymət təzyiqi azalmayınca və inflyasiyanın hədəflənən həddə (2 %-ə) doğru istiqamətləndiyinə əminlik yaranana qədər sərt pul-kredit siyasəti davam edəcək.

Avrozonada inflyasiya zəifləsə də əhali bunu hələ ki, hiss etmir

İnflyasiya təzyiqləri qarşısında Avropa Mərkəzi Bankı son 11 ildə ilk dəfə olaraq uçot dərəcəsini artırmalı oldu. Sonuncu dəfə 0,50 faiz bəndi həddində artım olub. Buna kimi isə tənzimləyici iki dəfə ardıcıl olaraq 0,75 faiz bəndi həddində artıma gedib. Artım tempinin aşağı düşməsi ötən ilin noyabr ayında avrozonada son yarım ildə ilk dəfə olaraq inflyasiyanın yavaşlaması ilə əlaqələndirilir. İnflyasiyanın zəifləmə prosesi bu ilin ilk ayında da davam edib. Yanvarda inflyasiya əvvəlki aydakı 9,2 %-lə müqayisədə 8,5 %-ə kimi yavaşlayıb. Bu, 2022-ci ilin mayından bu yana ən aşağı göstəricidir. Azalma daha çox özünü enerji daşıyıcılarının qiymətlərində göstərib. Avrozonada həmin məhsulların qiymət artımı dekabrdakı 25,5 %-dən yanvardakı 17,2 %-ə düşüb. Lakin ərzağın, alkoqollu içkilərin və tütünün qiyməti artmaqda davam edib. Ona görə Avropadakı ev təsərrüfatları üçün inflyasiyanın hazırkı azalması elə də hiss edilən olmayıb.

ECB-nin ritorikasında yumşalma olmayacaq

Avrozona da ABŞ kimi 2 %-lik inflyasiyanı hədəfləyir. Lakin zəifləmə tendensiyasına baxmayaraq hazırkı göstərici bu hədəfin xeyli üzərindədir. Bu baxımdan ECB-nin sərt pul-kredit siyasətinə sadiq qalacağı, lakin artım tempini aşağı salmayacağı gözlənilir. Beləliklə tənzimləyici 3 əsas faiz dərəcəsini ardıcıl olaraq ikinci dəfə 0,50 faiz bəndi artıracaq. Bununla da uçot dərəcəsi 3 %-ə, depozitlər üzrə faiz dərəcəsi 2,5 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsi 3,25 %-ə çatdırılacaq. Bu isə 2008-ci ildən bu yana ən maksimal göstərici olacaq. Avronun məzənnəsi ilə bağlı onu demək olar ki, Avropa Mərkəzi Bankı ABŞ-ın tənzimləyicisinə nisbətən uçot dərəcəsini daha kəskin templərlə artıra bilər. Bu isə avrozonanın milli valyutasına əlavə dəstək verəcək və onun möhkəmlənməsini stimullaşdıracaq.

Britaniyada yüksək inflyasiyanın qalıcılıq riski daha böyükdür

İngiltərə Bankı ardıcıl olaraq 9 dəfə uçot dərəcəsini artırır. Nəticədə uçot dərəcəsi ilin əvvəlindəki 0,1 %-dən hazırkı 3,5 % səviyyəsinə çatıb. Bu cür aqressiv siyasət Britaniyanın dünyanın digər inkişaf etmiş iqtisadiyyatları ilə müqayisədə daha ciddi sabit yüksək inflyasiya təhdidi ilə üzləşməsi ilə izah edilir. Əldə olunan makroiqtisadi göstəricilər risklərin hələ də yüksək olaraq qaldığını deməyə əsas verir. Belə ki, ötən ilin dekabr ayında inflyasiya əvvəlki aydakı 10,7 %-dən 10,5 %-ə kimi zəifləsə də xidmət sektorunda qiymət artımı sürətlənib. Nominal maaşlar demək olar ki, rekord templərlə artır. Bununla belə, ötən gün Londonun mərkəzinə çıxan yarım milyon insan maaşlarının artırılmasını tələb ediblər. Əməkhaqlarının artımı isə istehlak tələbini stimullaşdırmaqla qiymət artımını dəstəkləyir. Bütün bunların tənzimləyicini yüksək faiz siyasətini davam etdirməyə sövq edir. Ona görə bugünki iclasda İngiltərə Bankının uçot dərəcəsini 0,50 faiz bəndi artıracağı gözlənilir.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv