Avropa bu iddia ilə ÇALXALANIR: Belçika dondurulmuş Rusiya aktivlərini mənimsəyib?
Bəzi Avropa İttifaqı ölkələri şübhələnir və araşdırmaq istəyir ki, Belçika dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri öz xeyrinə istifadə edir və onların Ukraynaya ötürülməsini gecikdirir.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, əgər Belçika dondurulmuş Rusiya aktivlərinin Kiyevin xeyrinə müsadirəsi ilə bağlı qərarı bloklamağa davam edərsə, dekabr sammiti ərəfəsində digər Aİ ölkələrinin nümayəndələri hazırlıq görüşlərində bu məsələni daha tez-tez gündəmə gətirəcəklər.
Onlar həmçinin Belçika nümayəndələrindən öyrənməyə çalışacaqlar ki, ölkə Ukraynanı maliyyələşdirmək üçün digər dövlətlər kimi öz vergi yığımlarından istifadə edir, yoxsa bu yardımın mənbəyi Rusiya aktivlərindən əldə olunan gəlirlərdir. “Yeddilik qrupu” 2024-cü ildə 45 milyardl avroluq kredit xətti qəbul edib və bu vəsaitin Rusiyanın aktivlərindən reinvestisiya yolu ilə əldə olunan gəlirlər hesabına ödənilməsi nəzərdə tutulur.
“Belçikanın bu qərarı gecikdirməsi fonunda düşünmək lazımdır ki, onlar Avropanın təhlükəsizliyinin risk altında olduğunu, həqiqətən, anlayırlarmı. Mövcud məlumatlara əsasən, Belçikanın Rusiya aktivlərindən əldə olunan əlavə gəlirləri Ukraynanın dəstəklənməsi üçün istifadə etmək vədini yerinə yetirdiyinə dair şübhələr var”, – deyə Avropa ölkələrindən birinin adı açıqlanmayan diplomatı bildirib.
Nəşr bu mövzuda Aİ-nin beş ölkəsinin nümayəndələri ilə danışıb. Onların hamısı adlarının və ölkələrinin açıqlanmamasını xahiş edib. Belçikaya qarşı şübhələr Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatları ilə əsaslandırılır. İnstitutun hesabatına görə, 2022-ci ildən 2025-ci il avqustun 31-dək Belçika Kiyevə 3,4 milyard avro yardım ayırıb. Halbuki yalnız 2024-cü ildə Rusiya aktivlərindən əldə olunan gəlirlər üzrə vergi yığımları 1,7 milyard avro təşkil edib.
Belçika hökumətinin nümayəndəsi ittihamları rədd edib. Onun sözlərinə görə, bütün toplanmış vergilər Kiyevin xeyrinə ayrılıb. O, eyni zamanda, Belçikanın bu vəsaitləri artıq köçürüb-köçürmədiyi sualına birbaşa cavab verməyib.
“Belçika Ukraynanın dəstəklənməsi üçün “Euroclear” balanslarında dondurulmuş Rusiya aktivlərindən faiz gəlirlərinə görə bütün vergi yığımlarını ayırmağı öhdəsinə götürüb. 2025-ci ildə bu yığımlar təxminən 1 milyard avro olacaq”, – deyə o bildirib. Hökumətin Ukraynanı yalnız Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına deyil, həm də öz büdcəsi hesabına maliyyələşdirdiyini əlavə edib.












