Avropa İttifaqı ABŞ-a QARŞI: Trampın Ukrayna planına etiraz dalğası genişlənir

media-hightechnic-468x90

 

ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmaq üçün irəli sürdüyü plan beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tramp administrasiyasının təklif etdiyi bu təşəbbüs həm Kiyev, həm də Moskva üçün siyasi, hərbi və geosiyasi baxımdan ciddi nəticələr doğura biləcək qədər iddialı hesab olunur. Planın detalları rəsmi səviyyədə tam açıqlanmasa da, onun mahiyyət etibarilə cəbhədə atəşkəsin qısa müddətdə təmin olunmasına və tərəflərin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar masasına oturdulmasına hesablandığı bildirilir.

“ABŞ yenidən masanın başında olmaq istəyir”

Yenicag.az-a açıqlamasında türkiyəli tanınmış telejurnalist Yıldıray Arslan qeyd edib ki, Trampın Ukrayna ilə bağlı təşəbbüsü təkcə bir müharibənin dayandırılması cəhdi kimi deyil, həm də ABŞ-ın qlobal nizamda rolunu yenidən müəyyənləşdirmək istəyi kimi dəyərləndirilir. Onun sözlərinə görə, Tramp administrasiyası bu plan vasitəsilə Vaşinqtonun hələ də əsas qərarverici mərkəz olduğunu nümayiş etdirməyə çalışır.

Yıldıray Arslan bildirib ki, Trampın müharibəni “qısa müddətdə” dayandırmaq barədə səsləndirdiyi tezislər həm Rusiyaya, həm də Avropaya ünvanlanan siyasi mesaj xarakteri daşıyır. O vurğulayıb ki, ABŞ prezidenti bu yolla həm öz elektoratına “sülh gətirən lider” obrazını təqdim etmək, həm də Avropa İttifaqının təhlükəsizlik arxitekturasında Vaşinqtondan asılılığını bir daha göstərmək niyyətindədir.

Avropanın Tramp planına sərt etirazı

Misirli siyasi şərhçi Xəttab Abu Duab isə Yenicag.az-a verdiyi şərhdə qeyd edib ki, Trampın Ukrayna ilə bağlı irəli sürdüyü plan Avropada ciddi narahatlıq və narazılıq yaradıb. Onun sözlərinə görə, bir sıra aparıcı Avropa paytaxtlarında bu təşəbbüs Ukraynanın məcburi şəkildə güzəştlərə sövq edilməsi, Rusiyanın isə faktiki olaraq qazancı kimi qiymətləndirilir.

Xəttab Abu Duab vurğulayıb ki, Avropa İttifaqının əsas ölkələri – xüsusən Almaniya və Fransa – Tramp administrasiyasının Ukrayna ilə bağlı qərarına ehtiyatla deyil, daha çox açıq narazılıqla yanaşır. Avropa tərəfi hesab edir ki, Vaşinqtonun müharibəni “tez bir həll” formulu ilə bitirmək cəhdləri Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqelərin yumşaldılması təhlükəsini yaradır. Bu baxımdan Avropada belə bir qorxu formalaşıb ki, Trampın sülh planı Ukraynanın müəyyən ərazilərdən imtina etməsi, Rusiyanın isə həmin ərazilər üzərində faktiki nəzarətini rəsmiləşdirməsi ilə nəticələnə bilər.

Şərhçinin fikrincə, Avropanın Trampın qərarına qarşı çıxmasının digər səbəbi də qitənin təhlükəsizlik arxitekturası ilə bağlıdır. Çünki münaqişənin Vaşinqtonun diqtə etdiyi şərtlərlə bitməsi Avropa İttifaqını həm siyasi, həm də hərbi baxımdan ABŞ-dan daha da asılı vəziyyətə sala bilər. Bu isə Brüsselin uzun illərdir formalaşdırmağa çalışdığı “müstəqil Avropa təhlükəsizliyi” konsepsiyasına ziddir.

Ukrayna və Rusiya üçün mümkün nəticələr

Yıldıray Arslan hesab edir ki, Trampın Ukrayna planı hər iki tərəf üçün ziddiyyətli məqamlar daşıyır. Ukrayna üçün bu təşəbbüs bir tərəfdən müharibənin dayandırılması və humanitar fəsadların azalması baxımından müəyyən ümidlər yaratsa da, digər tərəfdən ərazi itkilərinin rəsmiləşdirilməsi riski daşıdığı üçün Kiyevdə ehtiyatla qarşılanır. Rusiya üçün isə belə bir plan, sanksiyaların yumşaldılması və qismən də olsa, strateji hədəflərinə nail olmaq imkanı kimi görünə bilər.

Tanınmış jurnalist qeyd edir ki, həm Avropa, həm də region ölkələri üçün əsas sual Tramp administrasiyasının bu planı real diplomatik mexanizmə çevirib-çevirə bilməyəcəyi və ən əsası, Ukraynanın razılığını necə alacağıdır. Onun sözlərinə görə, məhz bu suallar cavabsız qaldığı üçün Avropada Trampın Ukrayna ilə bağlı təşəbbüsünə inamsızlıq və açıq narazılıq getdikcə daha çox səsləndirilir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa