Trampla Netanyahunun GİZLİ İRAN OYUNU: Rəsmi Tehran ABŞ-ın hansı təklifini rədd edib?

media-hightechnic-468x90

 

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu İranı hədəf alan hücumları çox əvvəlcədən planlaşdırıblar.

Yenicag.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, Tramp və Netanyahu İranın nüvə obyektlərinə mümkün hücum ssenarilərini fevral ayında Ağ Evdə keçirdikləri ilk görüşdən etibarən müzakirə etməyə başlayıblar. Ağ Evdə keçirilən həmin toplantıda Netanyahunun Trampa dörd variant təqdim etdiyi bildirilir. Bu variantlara İsrail ordusunun təkbaşına hücum həyata keçirməsi, ABŞ‑ın minimum dəstək verməsi, Vaşinqtonla Tel-Əvivin tam əməkdaşlıq əsasında birgə əməliyyat aparması və hücumun bütövlükdə ABŞ tərəfindən idarə olunması daxil idi.

Xəbərdə qeyd olunur ki, Tramp ilk mərhələdə İranın nüvə proqramı ilə bağlı diplomatik prosesə şans verməyə üstünlük verib. Vaşinqton və Tehran bu il ərzində nüvə proqramı və uranın zənginləşdirilməsi mövzusunda bir sıra danışıqlar aparıb. Bununla paralel şəkildə, ABŞ və İsrail mümkün hərbi əməliyyat üçün məxfi planların hazırlanmasını davam etdirib.

Qəzetin iddiasına görə, İranı hazırlıqsız yaxalamaq məqsədilə ABŞ və İsrail media üzərindən qəsdən yanlış və yanıldıcı məlumatlar yayıb. Adının açıqlanmasını istəməyən bir rəsminin sözlərinə görə, Netanyahunun Tramp və ya Trampın nümayəndələri ilə fikir ayrılığı yaşadığı barədə yayılan xəbərlər həqiqəti əks etdirmirdi, lakin belə bir ümumi təəssüratın yaradılması planların səssiz şəkildə davam etdirilməsinə şərait yaradıb.

Xəbərdə həmçinin Mossadın əməliyyat çərçivəsində 100‑dən çox iranlını işə cəlb edib silahlandırdığı bildirilir. Bu şəxslərin bir qisminə İsraildə xüsusi təlim keçirilib. Onlara konkret tapşırıqlar verilsə də, bunların İranın nüvə və ballistik raket proqramına qarşı daha genişmiqyaslı bir əməliyyatın tərkib hissəsi olduğu onlara deyilməyib.

İsrail Müdafiə Qüvvələrinin “Narnia Operasiyası” adlandırdığı plan çərçivəsində Tehranda Mossada məxsus pilotsuz uçuş aparatlarının (PUA) buraxılış rampaları və müxtəlif hərbi infrastrukturun qurulduğu da üzə çıxıb.

İranla İsrail arasında, xüsusilə Qəzza müharibəsi fonunda artan gərginliyin iyun ayında açıq hərbi toqquşmaya çevrildiyi qeyd olunur. 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücumdan dərhal sonra İran da cavab zərbələri endirib.

“Washington Post” yazır ki, döyüşlər davam edərkən Tramp administrasiyası Tehranla gizli əlaqə yaradaraq onlara təklif göndərib. 15 iyun tarixli təklifdə İrandan Yaxın Şərqdəki silahlı qruplara dəstəyi dayandırması və uranın zənginləşdirilməsi obyektlərini bağlaması tələb olunub. Bunun əvəzində ABŞ bütün sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib. Mənbələrin sözlərinə görə, Vaşinqtonun Qətər vasitəsilə Tehrana çatdırdığı bu təklif İran tərəfindən rədd edilib. Bundan sonra Trampın İsrailin tərəfində müharibəyə birbaşa qoşulmağa qərar verdiyi qeyd olunur.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa