“Qızlarına Aişə adını qoymalarının səbəbi...” – Güngör Yavuzaslandan duyğulu Kosova xatirəsi - VİDEO
“Qızlarına Aişə adını qoymalarının səbəbi…” – Güngör Yavuzaslandan duyğulu Kosova xatirəsi
“Serb silahlı dəstələrinin hücumları zamanı Mamuşa təkcə müsəlman türklər üçün deyil, həm də kosovalılar, albanlar və bosniaklar üçün sığınacaq yerinə çevrilmişdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib. O, Kosova müharibəsinin ən qanlı günləri ilə bağlı xatirələrini bölüşərək bildirib ki, müharibə zamanı orada NATO-nun missiyası çərçivəsində türk pilotları da iştirak edirdi:
“Türk fərqini mənə Kosovaya səfərim zamanı Mamuşa sakinləri danışdılar. Mamuşa Kosovada əsasən türklərin yaşadığı yaşayış məntəqəsidir. Serb silahlı dəstələrinin hücumları zamanı Mamuşa hər kəs üçün sığınacaq olub. Bura çox xüsusi yerdir, insanlar evlərini qaçqınlara açmışdılar. Mən bunu şəxsən gördüm, müharibə dövründə bir evdə 10 ailə birlikdə yaşayırdı.
Serb dəstələri Mamuşanın yamaclarına qədər yaxınlaşanda NATO müdaxilə edir. Bunu Mamuşalılar özləri danışıblar. Bölgədə NATO-nun tərkibində amerikalı, alman, italyan əsgərləri var idi. Yerli əhali onların təyyarələrini belə ayırd edə bilirdi. Deyirdilər ki, alman təyyarələrinin üzərində xaç işarəsi var, amma onlar serbləri deyil, dağı-daşı bombalayırlar.
Daha sonra isə belə deyirdilər: ‘Türk F-16-sı gəlir, quyruğunda ay-ulduz var, serb silahlı dəstələrinin başına vurub gedir’. Bu hekayə bütün Kosovada danışılır. Söhbət türk F-16 pilotlarından gedir. Ən maraqlısı isə budur ki, müharibə şəraitində Mamuşada bir şayiə yayılır: guya türk eskadrilyasındakı pilotlardan biri Aişə adlı qadın olub. Elə həmin il Mamuşada doğulan qız uşaqlarının əksəriyyətinə Aişə adı verilir.
Bu, Mamuşalıların şəxsən yaşadıqları və danışdıqları hadisələrdir. Ona görə də biz türk F-16 pilotlarını, ümumiyyətlə, türk hərbçilərini yaxşı tanımalıyıq”.
Nəsimi Ələsgərli












