Avropa İttifaqı Cenevrədə aparılan danışıqları uğurlu adlandırdı
Avropa İttifaqı ABŞ-ın Ukrayna ilə bağlı təqdim etdiyi sülh planı üzrə Cenevrədə aparılan müzakirələri uğurlu addım kimi qiymətləndirib.
Yenicag.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen əldə edilən nəticəni irəliləyiş üçün möhkəm əsas adlandıraraq, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün danışıqların əsası olduğunu bildirib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta da danışıqlarda yeni dinamikanın yarandığını qeyd edib və İttifaqın prosesdə tam şəkildə iştirakının önəmini vurğulayıb. O bildirib ki, danışıqların əsas şərti Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsidir. Ukrayna yalnız özü Silahlı Qüvvələri barədə qərar verə bilər.
Almaniya Kansleri Fridrix Merts sənədin əsas hissələrinin dəyişdirildiyini, ortaya qoyulan mövqenin ABŞ, Avropa və Ukraynanın ortaq mövqeyi olacağını qeyd edib. Kansler Ukraynanın hər hansı birtərəfli ərazi güzəştlərinə məcbur edilə bilməyəcəyini xüsusi vurğulayıb. Ukraynanın maraqlarının eyni zamanda Avropanın maraqları olduğunu vurğulayan F.Merts Avropanın onları birlikdə uzun müddət qorumaqda qətiyyətli olduğunu deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də danışıqların ilk mərhələsini müsbət qiymətləndirib və əldə olunan həssas razılaşmaların, xüsusilə hərbi əsirlərin dəyişdirilməsi və qaçırılmış ukraynalı uşaqların qaytarılması ilə bağlı müddəaların əhəmiyyətini qeyd edib.
Cenevrə görüşündə ABŞ təqdim etdiyi sülh planındakı bəzi tələblərdən geri çəkilərək sənədin əvvəlki versiyasını yüngülləşdirib.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful NATO və Avropa İttifaqı ilə bağlı bütün maddələrin layihədən çıxarıldığını bildirib.
Ursula fon der Lyayen danışıqların sabah Ukraynanı dəstəkləyən iradəli ölkələr koalisiyası çərçivəsində davam etdiriləcəyini deyib.
U.Lyayen “iradəli ölkələr koalisiyası” çərçivəsində bu məsələ ilə bağlı sabah yeni müzakirələrin aparılacağını vurğulayıb. Ukraynanı dəstəkləyən bu qrupda Almaniya, Fransa kimi Aİ ölkələri ilə yanaşı, Böyük Britaniya və Norveç kimi Aİ-yə üzv olmayan ölkələr də yer alır.












