Avropa Parlamentinin qərəzli BƏYANATI: İkili standartlara əsaslanan boş sənəd - TƏHLİL
Avropa Parlamenti (AP) dünən Azərbaycanda insan hüquqlarının pozulmasına dair bəyanat qəbul edib. AP-nin sözügedən bəyanatı Azərbyacana qarşı ikili standartların növbəti təzahürüdür.
Bu sənəd Azərbaycanın daxili siyasi proseslərini birtərəfli şərh edir, ölkənin mürəkkəb reallıqlarını nəzərə almadan yalnız seçilmiş faktları qabardır.
Bəyanatda Azərbaycanın bir sıra akademik və siyasi fiqurların həbsi ilə bağlı iddialar ön plana çıxarılır, lakin ölkənin milli təhlükəsizlik kontekstinə, regional münaqişələrin yaratdığı təzyiqlərə və dövlətin suveren hüquqlarına heç bir istinad edilmir. Bu, AP-nin yanaşmasının selektiv olduğunu göstərir. Azərbaycanın milli təhlükəsizlik qanunvericiliyinin tətbiqi yalnız daxili siyasi mübarizə kimi təqdim olunur, halbuki ölkə uzun illərdir separatizm, terrorizm və xarici müdaxilə riskləri ilə üz-üzədir. Bu risklər nəzərə alınmadan verilən qərarlar obyektivlikdən uzaqdır.
Bəyanat həmçinin Azərbaycanın Avropa İttifaqı ilə gələcək tərəfdaşlıq sazişlərini insan haqları ilə şərtləndirməyi tələb edir. Bu, siyasi təzyiq aləti kimi görünür. Avropa İttifaqı digər ölkələrlə, xüsusilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi tərəfdaşlarla bu qədər sərt şərtlər irəli sürmür. Azərbaycanın enerji resursları və geosiyasi mövqeyi Avropa üçün həyati əhəmiyyət daşıyır, lakin bəyanatda bu faktlar tamamilə görməzlikdən gəlinir.
Qərəzli yanaşma həm də müqayisədə özünü göstərir. Eyni sənəddə Nigeriyada yüzlərlə uşağın qaçırılması, Guinea-Bissauda hərbi çevriliş kimi ağır hadisələr qeyd olunur, lakin bu ölkələrə qarşı ifadə olunan tələblər daha yumşaqdır. Azərbaycana qarşı isə “sanksiyalar tətbiq etmək”, “sazişləri şərtləndirmək” kimi sərt çağırışlar edilir. Bu, Avropa Parlamentinin siyasi motivasiyalı yanaşmasını açıq şəkildə ortaya qoyur.
Azərbaycan cəmiyyətində bu cür bəyanatlar etimad böhranı yaradır. İnsan haqları məsələlərinin siyasiləşdirilməsi, ölkənin daxili işlərinə müdaxilə kimi qəbul olunur. Əslində, insan haqları dialoqu konstruktiv əməkdaşlıq üzərində qurulmalı, qarşılıqlı hörmət və balanslı yanaşma ilə aparılmalıdır. Avropa Parlamentinin mövqeyi isə daha çox siyasi təzyiq mexanizmi təsiri bağışlayır.
Nəticə etibarilə, Avropa Parlamentinin bəyanatı Azərbaycanın reallıqlarını nəzərə almadan hazırlanmış, qərəzli və ikili standartlara əsaslanan bir sənəddir. Bu yanaşma nə insan haqlarının inkişafına, nə də Avropa-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Əksinə, qarşılıqlı etimadı zəiflədir və dialoqun konstruktiv ruhunu zədələyir.
Bu mənada, Azərbaycan Milli Məclisinin AP-nin müvafiq sənədinə qarşı bəyanat qəbul etməsi yerində siyasi reaksiya olmaqla birlikdə, rəsmi Bakının heç bir siyasi təzyiqə boyun əyməyəcəyinin sübutudur.
“Yeni Çağ” Analitik Qrupu












