2 milyon insanın öldüyü qalibsiz Ukrayna SAVAŞI: Liderlərin ambisiyası, xalqların məhvi
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) açıqlayıb ki, “rus və ukraynalıların ümumi hərbi itkisi təxminən 1,8 milyon nəfər olaraq qiymətləndirilir və 2026-cı ilin yazına qədər bu rəqəmin 2 milyona çatacağı proqnozlaşdırılır”.
CSIS-in məlumatına görə, Rusiyanın dörd il əvvəl Ukraynaya təcavüzündən bu yana, ölənlər və itkin düşənlər daxil olmaqla ümumi itkilərin sayı 1 milyon 200 min civarındadır.
CSIS hesabatında vurğulanır ki, “İkinci Dünya Müharibəsindən sonra heç bir böyük dövlət bu qədər çox ölü və yaralı verməyib”. Eyni zamanda qeyd olunur ki, Rusiya qüvvələrinin döyüş meydanındakı irəliləyişi nəzərəçarpacaq dərəcədə yavaşlayıb.
Müharibənin mülki əhali üçün nəticələri də son dərəcə ağır olub. Ukrayna böyük itkilər verib; 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər 500 min ilə 600 min arasında insan ölüb və ya yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının 2026-cı ilin yanvarında yayımladığı hesabatda bildirilir ki, 2025-ci il Rusiyanın işğala başladığı 2022-ci ildən bəri mülki itkilərin ən yüksək olduğu il olub və həmin il ərzində 2 min 500-dən çox mülki şəxs həyatını itirib.
BMT-nin məlumatına görə, 24 fevral 2022-ci ildən bu yana ukraynalı mülki şəxslər arasında təxminən 15 min ölü və 40 min 600 yaralı qeydə alınıb.
Ukrayna müharibəsi dördüncü ilini arxada qoyarkən ortaya çıxan mənzərə son dərəcə ağırdır. Təxminən 2 milyon əsgər ölü və itkin hesab olunur, milyonlarla insan evini tərk edərək didərgin düşüb. Şəhəər dağıdılıb, infrastruktur məhv edilib, bütöv bölgələr yaşayış üçün yararsız hala salınıb.
Hərbi baxımdan tərəflərdən heç biri həlledici üstünlük əldə etməyib. Rusiya böyük itkilər bahasına irəliləsə də, bu irəliləyiş strateji dönüş yaratmayıb. Ukrayna isə ciddi insan və resurs itkisi hesabına mövqelərini qorumağa çalışıb. Nəticədə müharibə uzanıb, cəbhə xətləri donub, itkilər isə artmaqda davam edib.
Siyasi və iqtisadi baxımdan da nəticə dəyişməyib. Nə Rusiya məqsədlərinə tam çata bilib, nə də Ukrayna müharibəni öz xeyrinə yekunlaşdıra bilib. Avropa təhlükəsizlik böhranı ilə üzləşib, qlobal iqtisadiyyat enerji və ərzaq şokları yaşayıb.
Bu müharibədən real qazanc əldə edən tərəf yalnız silah istehsalçıları və hərbi sənaye olub. Silah satışları rekord səviyyəyə yüksəlib, müdafiə büdcələri şişib. İnsan həyatı isə statistikaya çevrilib.
Ortada qalan bir reallıq var: milyonlarla insanın həyatı məhv edilib, amma heç bir dövlət bu müharibədən qalib çıxmayıb. Bu savaş müasir dövrdə hərbi gücün deyil, insan itkisi və dağıntının “qalib gəldiyini” bir daha göstərib.
Qısacası, Ukrayna müharibəsi bu gün artıq hərbi qarşıdurmadan çox, liderlərin ambisiyası, inadı və alverçi siyasətinin toqquşmasıdır. Putin, Tramp və Zelenski fərqli mövqelərdə dayansalar da, ortaya çıxan nəticə eynidir: milyonlarla insanın həyatı məhv edilib, dövlətlər zəifləyib, region sabitsizliyə sürüklənib.
Putinin dirənişi bu müharibənin ən ağır yükünü yaradan faktordur. Artıq bu dirəniş nə milli təhlükəsizliklə, nə də geosiyasi balansla izah oluna bilər. Rusiya qazandığı hər kilometr torpaq üçün minlərlə əsgər itirib, iqtisadi və demoqrafik gələcəyini riskə atıb. Bu siyasət dövlət ağlı deyil, hakimiyyət inadıdır. Müharibəni dayandırmaq zəiflik kimi təqdim olunduğu üçün itkilər davam etdirilir və insan həyatı strateji rəqəmə çevrilir.
Digər tərəfdə Trampın simvolizə etdiyi yanaşma dayanır. Bu baxış müharibəyə faciə kimi deyil, sövdələşmə predmeti kimi yanaşır. Kim nə verir, kim nə alır, hansı silah satılır, hansı büdcə açılır – insan itkisi bu hesabların kənarında qalır. Bu alverçi yanaşma müharibəni bitirmir, əksinə, onu uzadan bir mexanizmə çevirir. Müharibə dayandırılmalı olan bir proses deyil, idarə edilən gəlir modelinə çevrilir.
Zelenski isə bu üçbucağın üçüncü tərəfidir. Müharibənin əvvəlində müqavimətin simvolu olan lider zamanla çıxış yolu olmayan siyasətin simasına çevrilib. Ukrayna bu savaşda sadəcə müdafiə olunmadı; həm də kasıblaşdı, borclandı və asılı vəziyyətə düşdü. Milyonlarla insan ölkəni tərk etdi, iqtisadiyyat xarici yardımlarla süni şəkildə ayaqda saxlanıldı. Bunun fonunda Zelenski hakimiyyəti ətrafında dolaşan korrupsiya iddiaları, xüsusən də ayrılan maliyyə və silah yardımlarının şəffaflığı ilə bağlı suallar onun legitimliyini ciddi şəkildə zədələdi. Müharibə şəraiti bu iddiaların üzərini örtsə də, şübhələr aradan qalxmadı.
Nəticədə tablo aydındır: Putin müharibəni uduzduğu halda dayandırmır, Tramp onu qazanc predmetinə çevirir, Zelenski isə ölkəsini uzunmüddətli yoxsulluq və asılılıq spiralına salır. Qalib yoxdur. Ukrayna dağılıb, Rusiya tükənib, Qərb isə yalnız silah sənayesini böyüdüb.
Bu savaş sübut etdi ki, XXI əsrdə müharibələr ideologiyalarla yox, inad, alver və siyasi oyunbazlığın kəsişməsində aparılır. Tarixdə qalacaq olan nə qələbədir, nə də strateji uğur. Tarixdə qalacaq olan yalnız itirilmiş milyonlarla insan həyatıdır.
Amir Aqiloğlu












