Gürcüstanda xarici lobbiçilik qadağan ediləcək
Gürcüstanda xarici lobbiçilik fəaliyyətinə görə cəzalar tətbiq olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu” parlament fraksiyasının rəhbəri İrakli Kirtsxaliya brifinqdə bildirib.
Onun sözlərinə görə, bununla bağlı “Qrantlar haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanır.
Kirtsxaliya bildirib ki, Gürcüstanla bağlı siyasi məsələlər üzrə fəaliyyət göstərmək müqabilində başqa bir dövlətin vətəndaşına və ya hüquqi şəxsinə pul, qiymətli kağızlar, digər əmlak, əmlak güzəştləri və ya hər hansı digər üstünlüyün birbaşa və ya dolayı yolla verilməsi cərimə, 300 saatdan 500 saata qədər ictimai işlər və ya 6 ilədək həbs cəzası ilə nəticələnəcək.
O vurğulayıb ki, fəaliyyətinə əsasən Gürcüstanla bağlı məsələlər üzrə fəaliyyət daxil olan başqa bir dövlətin hüquqi şəxsi anlayışı da müəyyən ediləcək:
“Belə şəxslər qrantı yalnız Gürcüstan hökumətinin razılığı əsasında əldə edə biləcək, əks halda cinayət məsuliyyəti yaranacaq”.
Fraksiya rəhbəri əlavə edib ki, bundan sonra qrant hər hansı bir şəxs tərəfindən istənilən şəxsə nağd və ya natura şəklində verilən, Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək üçün istifadə edilən və ya istifadə edilə bilən vəsait hesab olunacaq./Apa/











