“İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin Cənubi Qafqazda fəallığı artırmasının vacibliyi haqda fikirlərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda özünə dayanıqlı mövqe tutmaq üçün yetərli imkanlara malikdir:
“Tarixdən də gördüyümüz kimi, imperiyalardan biri zəiflədikdə, yaxud da tamamilə sıradan çıxdıqda, onun yerini digərləri tutur. Mövcud şəraitdə Rusiyanın zəifləməsi və əvvəlki təsir imkanlarını itirdiyi müşahidə olunmaqdadır.
Belə bir vəziyyətdə Qərbin, Avropa İttifaqının Cənubi Qafqazda fəallığını artırmaq haqda fikirləşməsi təbiidir. Bu, çox təbii yanaşmadır. İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir. Cənubi Qafqazda fəallaşmaq üçün Avropanın potensialı böyükdür.
Özünüz də baxın, Azərbaycandan, postsovet ölkələrindən xaricə gedənlər ilk növbədə hara üz tuturlar? Bəli, Avropaya. Avropa öz siyasətində daha çox “yumşaq güc”ə əsaslanır. Lakin bəzən “yumşaq güc”ün təsiri “qaba güc”dən daha effektli olur”.
A.Zeynalov
www.yenicag.az