Avropanın diqqəti Naxçıvanda

Rusiyanın 123ru.net və Avropanın webnewswire.com xəbər saytlarında naxçıvanlı jurnalist Sara Əzimovanın fransız dilində “Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə oxucular “Planetin cinayətsiz regionu”, “Nuh Peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında məlumatlandırılır.

Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib. Müəllif yazır ki, Naxçıvan diyarının bənzəri olmayan turizm potensialı var. Məhz buna görə bura gələn turistlərin sayı ilbəil daha da artır. Bu diyarda turistlər üçün vacib olan inkişaf və sabitlik mövcuddur. Bura “Planetin cinayətsiz regionu” adlandırılır. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət edir, turistlərə heç bir maneə yaradılmır. Hazırda Naxçıvana gələn turistlər arasında İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya və digər ölkələrdən olanlar üstünlük təşkil edir. Onlar Naxçıvan torpağında bənzərsiz bir çox tarixi abidələrlə tanış olurlar.

Məqalədə oxuculara Naxçıvanın təbii ehtiyatlarının 90 milyon tonunu özündə cəmləşdirən duz mədənində yaradılan möcüzəli “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti, Darıdağ Arsenli Su Müalicəxanası, Batabat, Nuh Peyğəmbər türbəsi, Əshabi-Kəhf ziyarətgahı və Əlincəqala haqqında da ətraflı məlumat verilib.

Yazı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.