Trampın “Yeni Avropa” STRATEGİYASI: Bütöv ittifaq, yoxsa ayrı-ayrı paytaxtlarla siyasi ticarət?
ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası Avropa İttifaqının (Aİ) gələcəyi və birliyi ilə bağlı narahatlıqlar yaradıb. Sənəddə göstərilir ki, Vaşinqton Aİ-yə əvvəlki kimi bərabər tərəfdaş yox, daha çox idarə oluna bilən siyasi məkan kimi yanaşır. ABŞ Aİ-ni vahid güc kimi deyil, daxilində fikir ayrılıqları olan və ayrı-ayrı hökumətlər vasitəsilə təsir göstərə biləcəyi birlik kimi görür.
Bu barədə Yenicag.az-a danışan Türkiyə Mətbuat Federasiyasının sədri, tanınmış jurnalist Sinan Burhanın sözlərinə görə, Vaşinqton Avropa ilə münasibətlərində “böl və idarə et” modelinə yaxın xətt yürüdür:
“Xüsusilə Macarıstan, İtaliya, Polşa, Avstriya kimi ölkələrlə ikitərəfli əsasda işləmək meyli Aİ daxilində həmrəyliyə zərbə vuran amil kimi qiymətləndirilir. Bu kontekstdə bildirilir ki, parçalanmış, öz daxilində fikir ayrılıqları dərinləşmiş Aİ ilə danışıqlar aparmaq və şərtlər diktə etmək ABŞ üçün daha asan görünür”.
Sinan Burhan qeyd edib ki, məsələ yalnız Vaşinqtonun yanaşması ilə məhdudlaşmır. O, Aİ rəhbərliyinin strateji vizyon çatışmazlığını, qərarvermə mexanizmlərində səmərəsizliyi və qlobal böhranlar fonunda vahid mövqe ortaya qoya bilməməsini də başlıca faktorlar arasında sadalayıb:
“Ukrayna müharibəsi, Yaxın Şərq və Afrika istiqamətində parçalanmış yanaşmaların Aİ-ni daha asılı və zəif oyunçuya çevirib”.
Sinan Burhanın fikrincə, bu tendensiya davam edərsə, Aİ-nin uzun illər ərzində formalaşdırdığı “vahid Avropa” konsepsiyası daha ciddi sınaqlarla üz-üzə qala, ABŞ ilə münasibətlərdə isə struktur xarakterli gərginliklər dərinləşə bilər.
Amir Aqiloğlu












