Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - RƏSMİ CAVAB
Havaların istiləşməsi ilə bərabər Bakı şəhər sakinlərinin ən böyük problemlərindən biri sərnişin avtobuslarının havalandırma sistemidir. Bəzi avtobuslarda kondisioner quraşdırılsa da bəzilərində hələ də mövcud deyil. Kondisioner quraşdırılan sərnişin avtobuslarında isə işlək vəziyyətdə olmaması sərnişinlərin narazılığına səbəb olur.
Avtobuslarda kondisioner problemi tam olaraq nə vaxt aradan qaldırılacaq? Bu sualın cavabına Yenicag.az-a “BakuBus” MMC-nin mətbuat xidməti rəhbəri Əsmər Əliyeva belə aydınlıq gətirib:
“Nəzərinizə çatdırırıq ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib.
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsinə artıq başlanılıb. Qeyd edək ki, reqlament qaydalarına əsasən kondisionerlərin tam rejimdə istifadəsinə 15 iyun tarixindən etibarən keçid nəzərdə tutulsa da, hava şəraitinin isti keçməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi nəzərə alınaraq proses mərhələli şəkildə həyata keçirilir.
Mərhələli şəkildə yanaşmanın əsas məqsədi sistemin dayanıqlılığının təmin olunması, eyni zamanda texniki risklərin minimuma endirilməsidir. Kondisioner sistemində hər hansı nasazlıq aşkar edildiyi halda həmin avtobus dərhal xəttdən çıxarılaraq texniki baxış və təmir üçün depoya yönləndirilir.”
Nurlan Cəfəri













