Aybəniz Haşımovanın qardaşına hökm oxundu
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.
O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.
Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmənin qərarı ilə onun cəzası 21 fevral 2024-cü il tarixdən hesablanacaq.
Qeyd edək ki, Şaiq Həşimov əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.