“Bu şəxs həm atanız mərhum prezident Heydər Əliyevin, həm də sizin hakimiyyətiniz dönəmində Azərbaycana qarşı bir çox pozuculuq əməllərində aparıcı rol alıb”.
Yenicaq.az xəbər verir ki, tanınmış jurnalist, “Prime TV” İnternet kanalının rəhbəri Aygün Muradxanlı son 1 ildə barəsində əsassız olaraq 2 cinayət işinin açılması və bu işlər üzrə baş tutan məhkəmə proseslərinin qeyri-obyektiv aparılması ilə bağlı Prezident İlham Əliyevə geniş müraciət ünvanlayaraq, üzləşdiyi aramsız təzyiqlərlə əlaqədar dövlət başçısından kömək istəyib.
Aygün Muradxanlı müraciətinin girişində Prezident İlham Əliyevin yürütdüyü usta siyasət sayəsində Azərbaycanın regionda söz sahibi olan ölkəyə çevrildiyini diqqətə çatdırıb:
“Hörmətli cənab Prezident!
Mən türk milliyətçisiyəm. Azərbaycan Respublikası vətəndaşıyam. Jurnalistəm. Ən böyük qürurum dövlətimi Türk Dövlətlər Birliyinin qurucu üzvü kimi görməyimdir. Turan üçün böyük mücadilələr verib bəhrəsini görə bilməyən yüzminlərlə ülküdaşımızdan fərqli biz ideyamızın həm Vətənimiz Azərbaycan Respublikasında, həm də qardaş türk dövlətlərində siyasətin ana xəttinə çevrilməsinin şahidi olduq. Sözə gəlməyən bir hissdir.
Sirr deyil ki, qlobal siyasətin bir parçasına çevrilən Turan ideyasının əsas memarları Azərbaycanla Türkiyədir və hər iki dövlətə geopolitik hücumlar bu birliyin yaranmasını varlığına, nüfuzuna təhdid sayan güclərdən gəlir. Dövlətə və orduya rəhbərliyinizlə qazanılan Qarabağ zəfəri faktiki olaraq bölgəyə qlobal təsirlərin yönünü dəyişib, Azərbaycan Rusiyanın ona biçdiyi 3 Güney Qafqaz respublikasından biri modundan çıxıb, uzun illər xəyal etdiyimiz kimi regionda söz sahibi ölkəyə çevrilib. Biz artıq diqtələr altında yaşayan deyil, öz gerçəklərimizi bəyan edən, qoruya bilən dövlət mövqeyinə yüksəlmişik”.
Azərbaycan üçün bu şanlı tarix sizin imzanızla yazılır, cənab Prezident və bu sürəc başlayanda aydın idi ki, düzənini pozduğunuz qüvvələr Azərbaycan üçün, siyasi komandanız üçün, tərəfdarlarınız, ideyalarınızın təbliğatçıları üçün var güclərilə problemlər yaratmağa çalışacaqlar”.
Jurnalist əlavə edib ki, milli və dövlət maraqlarına yönəlik həyata keçirdikləri fəaliyyəti qəbullana bilməyən Rusiyaya bağlı qüvvələr onları hər vəchlə cəzalandırmağa çalışırlar:
“Biz də istisna deyilik. Bir neçə ildir Kreml çetesi ilə çəkişmədəyik. Görünən odur ki, hakimiyyət qollarından hələ tam təmizlənməyən, Azərbaycanı qulluq etdikləri Kremlin yarımmüstəmləkəsi kimi görmək istəyənlər yürütdüyünüz siyasətin dövlət və millət birlliyi yaradacağından dəhşətli dərəcədə narahatdırlar, ona görə də var qüvvələri ilə bu birliyin təbliğatçılarını ağır şəkildə cəzalandırmağa çalışırlar.
Son 1 ildə haqqımda 2 cinayət işi açılıb. Hazırda Sabunçu və Səbail məhkəmələrində proseslər davam edir. Guya hazırladığımız proqramlarda şərəf və ləyaqət tapdalamışıq… Toplam 17 məhkəmə prosesi keçirilib. Əməlimizdə heç bir sübut, heç bir dəlil tapa bilməsələr də məhkəmə-hüquq sistemində müdafiəçilər tapıblar və həmin müdafiəçilər heç bir vəsatətimizin qəbuluna imkan verməyərək, proseslərin birtərəfli qaydada Azərbaycanda söz azadlığının, hüquq bərabərliyinin əleyhinə başa çatması üçün nə mümkündürsə edirlər.
İş o yerdədir ki, cənab Prezident, həbsimi tələb edənlərdən biri – Aslan İsmayılov 11 məhkəmə prosesinin birinə də gəlməyib, lakin Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanova hansısa gözəgörünməz əlin dirijorluğu ilə Azərbaycanda hüququn ömrünü Kremlə nökərçilikdə keçirənlərin iradəsinə tabe etdirilməsi üçün əlindən gələni edir.
Axı, bu necə ola bilər? Özünü vəkil, qanun qoruyucusu kimi topluma təqdim etməyə çalışan şəxs bir jurnalisti durduğu yerdə, əlində heç bir dəlil sübut olmadan aylarla həfədə alır, efirlərdə, sosial şəbəkə hesablarında haqqında qarayaxma kampaniyası başladır və həmin jurnalist söz haqqında yararlanıb onun haqqında dəfələrlə çap edilən və heç bir zaman məhkəmə pridmeti olmayan informasiyaları bir araya toplayanda haqqında cinayət işi açılır?
Amma həmin zat məhkəməni saymayaraq proseslərin birinə də gəlmir, iddialarını əsaslandırmır, məhkəmə araşdırmasına imkan yaratmır, proses isə ildırım sürətilə onun lehinə gedir. Əcəba niyə, necə?”
Aygün Muradxanlı bu kampaniyada xüsusi fəallığı ilə seçildiyini önə çəkdiyi vəkil Aslan İsmayılov haqqında bir sıra məqamları da müraciətinə daxil edib:
“Aslan İsmayılov məşhur birisidir. 1988-ci il KQB-nin Azərbaycana qarşı ən qəddar, ən riyakar planlarından biri olan Sumqayıt hadisələrinin istintaqına Kremlin prokuror təyin etdiyi, məhkəmədə Kreml tərəfindən ələ alındığı onlarla şahidin ifadəsilə sübut olunan Qriqoryanın törətdiyi cinayətə görə 11 azərbaycanlıya ölüm hökmü tələb edən şəxs necə ünlü olmasın?
Bu, o şəxsdir ki, bir neçə il öncə Kremlə qulluğu kimsədə şübhə doğurmayan Ramiz Mehdiyevə – müxalifətə keç, sənə dəstək verəcəm – yazır, özü də yazdıqlarını ictimailəşdirirdi. Biz də həmin filmdə haqlı olaraq sual vermişik – müxalifət kimə qarşı olur? Bizim oxuduğumuz kitablarda ‘’iqtidara qarşı’’ yazılıb. Demək, açıq-aydın bu şəxs Ramiz Mehdiyevi sizə qarşı müxalifətə keçməyə çağırıb.
Bəlkə də oğlunu da yanına alıb oxuduğu ABŞ və Macarıstan Soros məktəblərində ona başqa cür öyrədiblər, amma bu çağırışın başqa yorulmu olduğunu qəbul etmək çətindir.
Bu şəxs həm atanız mərhum prezident Heydər Əliyevin, həm də sizin hakimiyyətiniz dönəmində Azərbaycana qarşı bir çox pozuculuq əməllərində aparıcı rol alıb. Buna baxmayaraq, çox yüksək səviyyədə dəstəklənir. Bu dəstək vasitəsilə məhz Azərbaycanın milli, dövlətçi qüvvələrinə qarşı kampaniyalar, qarayaxmalar başladır, özəlliklə Ermənistanla informasiya savaşının aparıcı şəxslərini qaralayır. Söylədiyim kimi, bizə Kremlin adamı deyir. Məqsəd aydındır – vətəndaşlarda bizə qarşı etimadsızlıq yaratmaq.
Təbii ki, bu hədyan və qarayaxmalar qarşısında susacaq deyildik. Ona görə sonuncu adı Aslan İsmayılov olan şəxsi hüceyrələrinə qədər araşdırıb 2 film hazırladıq, onu tam deşifrə etdik.
Hər iki film suallar üzərində qurulub. Necə olub ki, bu şəxsin ata adı daxil adı, soyadı bir neçə dəfə dəyişdirilib?
Hansı qara əl onu Krasnodar vilayətinin ucqar Zelençuk kəndində 3 kolxozun birləşməsindən yaranan sovetliyin məhkəməsində işlədiyi halda SSRİ miqyaslı işdə dövlət ittihamçısı təyin edilməsi üçün Azərbaycana göndərib?
Sumqayıt işini aparan hakim Mənsur İbayev deyir ki, prokuror, yəni Aslan İsmayılov 11 azərbaycanlını bu dəhşətli Kreml fitnəsində suçlu bilərək onlara ölüm hökmü istəyib. Biz də sual etmişik – Aslan İsmayılov bu gün də Rusiya prezidenti Vladimir Putinin Qarabağ savaşının başlanğıc nöqtəsi kimi göstərdiyi Sumqayıt hadisələrinin istintaqında necə peyda olub, niyə Kremlin planları üzrə addımlar atıb?
Özünü cəmiyyətə hüquqşünas, vəkil kimi təqdim edən bu şəxs çoxsaylı şikayətlərə görə Vəkillər Kollegiyasından da uzaqlaşdırılmışdı. Onun vəkillik fəaliyyətilə maraqlansanız Sizə yalnız bunları deyəcəklər – bütün vəkillik ömrünü müvəkillərinin etibarını qazanıb onlardan aldığı bilgiləri qarşı tərəfə satması ilə ad çıxarıb. Hətta indi onun haqqında belə bir dələduzluq faktı ilə bağlı Baş Prokurorluğa və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə vətəndaş, o sıradan xarici investor şikayət də göndərib.
Bütün faktlarda senari eynidir – özünü Soros yetirməsi, beynəlxalq hüquq uzmanı, ABŞ-dan Moskvaya, Türkiyədən Çinə kimi hüquq aləminin ası kimi təqdim edir, etibar qazanır, bütün bilgiləri detallı şəkildə alır, sonra… qarşı tərəfə satır.
Nə insanlığa, nə vəkil etikasına yaraşmayan bu əməllərin sahibinin Vəkillər Kollegiyasına bərpası da Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə baş tutub. Azərbaycanda isə belə bir şəxsin başını sığallayırlar…
Məsələn, Vəkillər Kollegiyasının sədri Anar Bağırov onun Səbail Rayonu ərazisində, Prezident Administrasiyasına və Heydər Əliyev Fonduna 2 addımlıq məsafədə, yəni ölkənin ən gözdə yerində, ən bahalı torpaqlarında zəbt etdiyi ərazidə saldığı parkda şəkillər çəkdirib sosial şəbəkədə uzun-uzun övgü mətnləri yazır. Ölkənin hüquq sisteminin vacib qollarından olan Vəkillər Kollegiyasının sədri zəbt edilmiş torpaqda salınan bağın sahibinə niyə mədhiyyə oxusun? Bu qanunsuzluğun təbliği deyilmi? Axı, A.İsmayılov vur-tut sıradan vəkildir. Üstəlik ölkənin ən pis reputasiyalı, haqqında ən çox şikayət olan, cinayət işi açılan, hökm çıxarılan vəkili. Filmdə soruşduğumuz kimi – o, kimin imamıdır ki, Vəkillər Kollegiyasının sədri, Ədliyyə nazirinin müavini general Toğrul Musayevi də yanına alıb ona mədhiyyə deyir?
Bir məqamı da özəlliklə vurğulayaq ki, bu şəxslə bağlı filmlərimizdə sadalanan faktlar Azərbaycan mediasında dəfələrlə səslənib, bu mövzuda hətta kitab da yazılıb, amma A.İsmayılov həmin şəxslərin heç birini məhkəməyə verib həbs tələb etməyib. Görünür, bizi zəif bənd sayıb. Hesablamayıb ki, Azərbaycan Kreml əsarəti dönəmindən sürətlə uzaqlaşıb. İndi uzun illər xidmət etdiyi gücün 200 illik planlarını rəsmi Bakı pozur.
Söyləmək istədiyimiz daha bir vacib məqam var. “Aslan İsmayılov kimin imamıdır” filmi hazırlandıqdan sonra 4 saat DTX-nın istintaq idarəsində dindirilmişəm. Daha sonra Prime TV ofisindən çıxarılıb, yeni ofisə köçdükdən sonra bütün hüquq prosedurlarını dəqiqliklə yerinə yetirsək də bizi yenidən studiyasız qoymağa çalışıblar. DİN, FHN daxil neçə qurum studiyada anonim şikayət üzrə yoxlamalar aparıb, Bakıelektrikşəbəkə işığımızı kəsib. Hətta yerləşdiyimiz binanın sakinlərindən bizim səs-küy saldığımız üçün binadan çıxarılmağımız haqqında imzalar toplanıb. Rəsmi qurumlara dəfələrlə müraciətlərimizdən sonra məsələ səngiyib, əvəzində günün birində haqqımızda xüsusi ittiham qaydasında cinayət işi açdırıb həbsimizi tələb edib.
Ən ilginci bilirsinizmi nədir, cənab Prezident? Filmlərdə səslənən heç bir fikrə münasibət, suala cavab verməyib, sadəcə, “dələduz” kəlməsinə görə haqqımda Cinayət Məcəlləsinin düz 3 maddəsi ilə cinayət işi açdırıb. Bu qədər ittiham kənarda qalıb, “dələduz” sözündən yapışıb”.
Jurnalist müraciətinin davamında ikinci məhkəmə işinin gedişatını da ətraflı təsvir edib:
“Ondan başlayaq ki, ikinci məhkəmə də tam eyni senari üzrə davam edir. Qəti şübhə etmirik ki, burada da bizi cəzalandırmaq istəyən sonuncu adı Aslan İsmayılov olan şəxs və onun bağlı olduğu çetedir. Apardığımız araşdırma, ortaya çıxardığımız faktlar kənarda qalıb, bizi faktiki olaraq şər və böhtanla həbs etmək istəyirlər.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev baxır. Nərimanov rayonunda yaşamış, bu gün isə bir cinayətkar şəbəkəsinin əməli sayəsində evsiz-eşiksiz qalmış 200-ə yaxın ailənin şikayəti əsasında hazırladığımız proqram bizə qarşı çevrilib.
İddiaçı Vahidə Əzizova “EAST Residans”ın Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb və bu gün onun şirkətdən külli miqdarda – 1 milyon 250 min tələb etməsi nəticəsində, 200-ə yaxın ailə sərgərdan, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edir, üstəlik təmiri də boynuna götürür. Qadın deyir yox, mənə Nizami küçəsindən ev alın, ya da 1 milyon 250 min nağd pul verin, yoxsa, məhkəmə iddialarımı geri götürməyəcəyəm.
O məhkəmə iddialarını ki, onlara görə tikinti şirkəti tikinti icazəsi ala, tikintiyə başlaya bilmir. Hər ay vətəndaşlara kirayə ödəyərək nə qədər ziyan çəkir. Sabah bu şirkət tamamilə müflis olduğunu açıqlasa, faktiki olaraq açıq səma altında qalacaq 200 ailəni hansı mexanizm qoruyacaq, bunun məsuliyyəti kimin üzərinə düşəcək – bizim reportajda əsas sualımız burdur, cənab Prezident!
Ondan da vacibi – oktyabrda sökülən binaya noyabr ayında Əmlak Məsələləsi Dövlət Komitəsində özəlləşdirmə sənədini kim verib? O sənədə bu məsələdən sonadək xəbərdar olan Nərimanov və Bakı İcra Hakimiyyətləri niyə etiraz etməyiblər? Nərimanov Rayon Məhkəməsi Nazirlər Kabinetinin qərarına uyğun olaraq söküntü aparan, özəlləşdirmə sənədləri olan sakinlərə yeni tikiləcək binada yer verəcəyi haqqında hüquq qaydasında öhdəlik götürən EAST Residans şirkətinin və 200 ailənin tələblərini gözardı edərək harada yaşadığı bəlli olmayan, heç yerdə işləməyən və sağlıq durumu ilə bağlı fərqli fikirlər söylənən 65 yaşlı qadının iddiasını niyə, hansı marağa görə təmin edir?
Hüquq, qanun o qadının özünün və onu fiqur kimi irəli atıb tikinti şirkətinə, 200 ailəyə tələ quran Əmlak Məsələləri Dövlət Komitəsinin saxta sənəd verən əməkdaşını, Nərimanov bələdiyyəsində, İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində bu qanunsuz plana dəstək verənləri cəzalandırmağı tələb etmirmi? Biz jurnalistlər sizin bu qədər çətinliklə inkişaf etditməyə çalışdığınız Azərbaycan dövlətini bu cür qaranlıq şəxslərin qara əməllərilə geri aparmaq istəməsinə göz yumaqmı?
Ortaya çıxardığımız bu qədər qanunsuzluq – vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək yaşlı qadın üzərindən tikinti şirkətinə tələ qurması qalıb bir kənarda, mənə CM-nin yenə də 3 maddəsilə Vahidə Əzizovaya guya “bomj” dediyim üçün CİNAYƏT işi açıblar. Tələb də birdir – həbsim istənir. Gerçəkdən, güləkmi, ağlayaqmı, bilmirik…
Aygün Muradxanlının cəzalandırılması, həbsi kimin əmridir, cənab Prezident? Şirkəti müflis edib 1 milyon 250 min manata şirniklənənlər, şəhərin mərkəzinə böyük bir kvartalda yüzlərlə Azərbaycan vətəndaşını evsiz-eşiksiz qoyub dövlətin etibarını yerlə bir edə bilməzlər. Siz buna imkan verməzsiniz.
Sakinlər deyirlər ki, Qarabağı işğaldan azad edən Ali Baş Komandan kaş bizim Qarabağ küçəsində zəbt edilən ərazilərimizi də azad etsin. Sizə saysız müraciət yazılıb bununla bağlı. Hələlik “işğal” davam edir.
Əslində hakim Azər Tağıyev bizim ortaya çıxardığımız, çoxsaylı şahid ifadələrilə təsdiqlənən faktlar üzrə cinayət təqibi başlatmalıdır. Amma… faktları aşkar edən jurnalisti cəzalandırmaq yolunu seçib. Belə olmasaydı, olmayan proqram üzrə cinayət işi açıb, təhrif olunmuş mətni ekspertizaya göndərərək məhkəmədə əsl məzhəkə yaratmazdı”.
Aygün Muradxanlı müraciətinin yekununda vahid və böyük Azərbaycan quruculuğu yolunda Prezident İlham Əliyevin yanında olduğunu bildirib:
“Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin sözün əsl mənasında fövqəladə çətin bir dönəmdən keçdiyinin fərqindəyik. Siz çağın deyil, dövlətimizin gələcək yüzillərinin taleyini müəyyən edəcək tarixi qərarlar verməlisiniz. Parçalanmış torpaqlarımızı birləşdirib edib vahid, böyük Azərbaycan qurmalısınız. Uca Tanrı Sizə güc, qüvvət, zehin açıqlığı versin, yar və yardımçı olsun.
Biz bu dar boğazdan dövlət və millət olaraq arınaraq, güclənərək çıxmalıyıq. Hər bir fərd olduğu postda, kürsüdə, mövqedə vətəndaşlıq görəvini əskiksiz yerinə yetirməlidir. Azərbaycan Resublikasının müqəddəs bayrağının kölgəsində oturub bu ölkəni müstəmləkə kimi görmək istəyənlərin arzularını gözlərində qoymalıyıq.
Demək istəyirəm, sizinləyik…
Qəzamız mübarək olsun!
Dərin hörmətlə:
Aygün Muradxanlı
“Prime TV” İnternet kanalının rəhbəri
www.yenicag.az