AZAL-ın olimpiya çempionlarına cəmi iki bilet verməsi birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Azərbaycan cüdoçusu Zelim Kotsoyev ölkəyə gələn zaman hava limanında qarşılanıb.
Milli aviadaşıyıcı olan AZAL çempionları qarşıladıqları və onlara hədiyyələr verdiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“İdmançılar Bakıya gəldikdə aviaşirkətin nümayəndələri onları qarşılayaraq, öz təbriklərini bildirib və idmançıların nailiyyətləri münasibətilə onlara biznes sinfində uçuş üçün sertifikatlar təqdim ediblər. Sertifikatlar AZAL şəbəkəsinin istənilən müntəzəm marşrutu üzrə iki ödənişsiz gediş-dönüş aviabileti təmin edir”.
AZAL-ın sosial şəbəkədə etdiyi bu paylaşım birmənalı qarşılanmayıb və istifadəçilərin qəzəbinə tuş gəlib.
Belə ki, sosial şəbəkə istifadəçiləri onları ucuz reklama qaçmaqda, həmçinin çempionların nüfuzundan istifadə etməkdə ittiham edir.
Sosial şəbəkə istifadəçilərinin bir çoxu sosial media paylaşımında sözügedən aviaşirkəti etiketləyərək suallar ünvanlayıb:
“Elədiyimiz PR-dan heç xəcalət çəkirsiniz? 4 biletə 8000 biletlik müftə PR qazandınız. O idmançıların yerinə başqası olsaydı, inanın, hədiyyənizi özünüzə qaytarırdı. Hədiyyə verirsinizsə, urvatlı verin. Olimpiya çempionları sizin biletlərinizə qalmayıb, xarici şirkətlər sizdən daha ucuz, daha keyfiyyətli xidmət göstərirlər. Daha hamam suyu ilə özlərinə dost tutmurlar. Utanın…”
“Ayıbdır, belə ucuz kampaniyalarla milli aviaşirkətimizi hörmətsiz duruma salmayın. Azərbaycan bayrağını dünyanın ən mühüm tədbirində ən uca zirvəyə daşıyan idmançılara qarşı bu nə münasibətdir?!
Bu dəyərli idmançılara istənilən sadə azərbaycanlı iki bilet hədiyyə etməyə hazırdır. Ancaq əminəm ki, onların buna qətiyyən ehtiyacı yoxdur. Vallah ayıbdır…”, – deyə başqa bir istifadəçi yazıb.
İstifadəçilərdən biri isə qeyd edib ki, “hava limanına düşən kimi Olimpiya qaliblərinin əlinə reklam lövhəsi verib onların populyarlığından vəhşicəsinə bəhrələnmək cəhdi yumşaq desək, biznes etikası ilə bir araya sığmır. Bu, ictimaiyyətə, idmançılara qarşı hörmətsizlik və onların ictimai nüfuzuna zərbədir”.
Qeyd edək ki, AZAL-ın bu şəkildə ucuz reklam ardınca qaçması idmançılarımıza qarşı haqsızlıq sayıla bilər. Bu, Olimpiya çempionu adını almış idmançılarımızın uğrularından öz xeyrinə istifadə çəhdindən başqa bir şey deyil.
Onsuz da bu ölkədə vətəndaşlar AZAL-ın təyyarə qiymətlərinin bahalığından narazıdır, bir də bu hərəkəti ilə özünü gözdən salmaq nəyə gərək idi?
Nəsimi Ələsgərli
www.yenicag.az