Azərbaycan-ABŞ əməkdaşlığında mühüm ADDIM: “Sərhəddə təhlükəsizliyin gücləndirilməsi…”

“Bu, artan İran təhlükəsi fonunda Azərbaycan-ABŞ əməkdaşlığında böyük əhəmiyyət daşıyan addımdır”.

Bunu Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant R.Tahirovun ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşünü şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, son aylar ABŞ-nin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində müsbət addımlar atmaqda qərarlı olduğu müşahidə edilir:

“Bir müddət öncə ABŞ Dövlət Katibi Blinken 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresinin “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişin aradan qaldırılması və Azərbaycanın İranla sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi zərurətini vurğuladı.

ABŞ ilə münasibətlərin gücləndirilib, inkişaf etdirilməsində Azərbaycan da maraqlıdır. Regionda sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycan ABŞ ilə əməkdaşlıq etməyə hər zaman hazırdır. Odur ki, bu, artan İran təhlükəsi fonunda Azərbaycan-ABŞ əməkdaşlığında böyük əhəmiyyət daşıyan addımdır”.

Nəsimi Ələsgərli