"Azərbaycan Aİ-nin bölgədə ən çox diqqət ayırdığı ölkədir" – Deputat
“Yeni dövrün çağırışları fonunda Azərbaycan öz maraqlarını ardıcıl şəkildə təmin edir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.
Deputat Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü və bu çərçivədə əldə olunan müsbət nəticələrlə bağlı fikirlərini bölüşüb. Mübariz Qurbanlı dünyamızın yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
“Bu yeni mərhələdə Azərbaycanın xarici siyasəti və dövlətlərarası münasibətləri qlobal nizamın tələblərinə uyğun həyata keçirilir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu getdikcə artır. Azərbaycan regionda lider dövlət olmaqla yanaşı, dünyada baş verən proseslərdə də fəal rol oynayır”.
Deputat görüşdə tərəflər arasında geniş fikir mübadiləsi aparıldığını vurğulayıb:
“Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd olunub ki, 2028-ci ildə Bakıda Avropa İttifaqının xüsusi bir tədbiri keçiriləcək və Azərbaycan buna ev sahibliyi edəcək. Ölkəmizin qlobal miqyasda nüfuzu artdıqca, ikitərəfli əlaqələrimiz də daha geniş vüsət alır”.
Mübariz Qurbanlı müasir dünyadakı üç əsas iqtisadi mərkəzdən bəhs edib:
“Dünya iqtisadiyyatında ABŞ, Çin və Avropa İttifaqı mühüm yer tutur. Avropa İttifaqı həm regional, həm də qlobal iqtisadiyyatda aparıcı qüvvələrdəndir. Avro valyutası dünya valyuta sistemində dollardan sonra ikinci yerdə dayanır və qlobal valyuta ehtiyatlarının təqribən 20 faizi avroda cəmlənib. Bu səbəbdən, Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı da öz növbəsində bölgəmizə böyük maraq göstərir və Azərbaycan bu regionda onların ən yüksək səviyyədə diqqət yetirdiyi tərəfdaşdır”.
Deputat xarici siyasətin tarixi köklərinə də toxunub:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xarici siyasətimiz çoxşaxəli şəkildə inkişaf edib və Avropa İttifaqı ilə münasibətlər bu xəttin mühüm tərkib hissəsi olub. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir. Təhlükəsizlik və enerji məsələləri kimi strateji sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir”.
Mübariz Qurbanlı sonda bildirib ki, yeni dövrün tələbləri Azərbaycanın xarici siyasətində öz əksini tapır:
“Yeni dövrün yeni çağırışları var. Bu çağırışlar fonunda Azərbaycan öz maraqlarını ardıcıl şəkildə təmin edir. Bu yanaşma Avropa İttifaqı ilə aparılan danışıqlarda və imzalanan sənədlərdə özünü açıq şəkildə göstərir”.
Nəsimi Ələsgərli













