Azərbaycan çempionu “Beşiktaş”a keçir
Serbiyalı voleybolçu Sanya Staroviç yeni mövsümdə Azərbaycan Super Liqasında oynamayacaq.
“Rabitə” müqaviləsi başa çatan 31 yaşlı hücumçu ilə vidalaşmağı qərara alıb.
2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç artıq özünə yeni komanda da tapıb.
“Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanan, 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnən Staroviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Serbiyalı legionerin “Beşiktaş”la danışıqları müsbət yekunlaşdırdığı, yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, “qara qartallar” 195 sm boya malik Staroviçdən öncə onun “Rabitə”də vaxtı ilə birgə oynadığı Pelin Çeliki heyətinə qatıb. Komandanı isə “Azərreyl” və “Şirvan”ın sabiq baş məşqçisi Adnan Kistak çalışdırır.