Azərbaycan–Ermənistan dialoqu fonunda Fransadan qızışdırıcı qətnamə: Ekspert ŞƏRHİ
Fransa Milli Assambleyasının 4 fevral 2026-cı il tarixində qəbul etdiyi Azərbaycanəleyhinə qətnamə beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının siyasi konyunkturadan asılılığını bir daha nümayiş etdirib.
Hüquqi əsasdan məhrum olan sənəd regional sülh prosesinə zidd addım kimi qiymətləndirilir.

Məsələni Yenicag.az-a şərh edən Media Təhlil Mərkəzinin eksperti Hikmət Həsənovun sözlərinə görə, bu qətnamə təkcə regional münaqişəyə münasibət deyil, eyni zamanda Fransada onilliklər boyu dövlət idarəçiliyinə sirayət etmiş erməni lobbisinin diktəsi altında Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli kampaniyanın davamıdır.
Hikmət Həsənov bildirib ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsinə indiyədək olmadığı qədər yaxınlaşdığı, birbaşa və vasitəçisiz dialoqun real nəticələr verdiyi bir mərhələdə Parisin belə “qızışdırıcı” sənədlə çıxış etməsi sülh prosesinə qarşı açıq strateji diversiya xarakteri daşıyır.
Onun fikrincə, Fransa bu addımla İrəvandakı revanşist qüvvələrə mənəvi stimul verir, onları sülh masasından uzaqlaşdırmağa çalışır və Cənubi Qafqazı yenidən öz geosiyasi ambisiyalarının alətinə çevirmək niyyətini ortaya qoyur.
Ekspert əlavə edib ki, sözügedən qətnamə Azərbaycanın Fransanın neokolonial siyasətini beynəlxalq müstəvidə ifşa etməsinə və Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə verilən qeyri-adekvat “revanş” reaksiyası kimi də dəyərləndirilə bilər.
Qətnamədə dini amillərin və “xristian irsi” tezisinin qabardılması isə məsələnin hüquqi müstəvidən çıxarılaraq süni şəkildə sivilizasiyalararası qarşıdurma kontekstinə daşınması cəhdi kimi qiymətləndirilir. Bu yanaşma Avropada artan islamofobiyanın artıq qanunverici səviyyədə də özünü göstərdiyini ortaya qoyur.
Hikmət Həsənov vurğulayıb ki, bu sənəd Azərbaycan üçün heç bir hüquqi nəticə doğurmasa da, Fransanın Cənubi Qafqazda “neytral vasitəçi” statusunu faktiki olaraq itirdiyini təsdiqləyir və Parisin regiondakı rolunu daha çox təhrikçi aktor səviyyəsinə endirir.
Amir Aqiloğlu












