"Paşinyanın reytinqi əriyir, Simonyan isə...": Politoloqdan Ermənistandakı seçkilərlə bağlı təhlil
“Paşinyan mütləq qələbə qazanmayıb, Simonyan yalan danışır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın “Erməni xalqı Paşinyana tam dəstək verdi” açıqlamasına münasibət bildirib və Rusiyanın siyasi xəttindən uzaq bir Ermənistan görəcəyimizi dilə gətirib:
“Paşinyan Moskvaya səfərdə olarkən Rusiya prezidenti ilə görüşü zamanı Rusiya və Ermənistan arasındakı gələcək gərginliyin əlamətlərinin şahidi olduq. Putin açıq mətnlə “Rusiya meylli qüvvələrin sərbəst seçkidə iştirak etməsinə mane olunmasın” dedi. Bu, Paşinyana mesaj idi. Ermənistandakı seçkiləri geosiyasi mübarizə seçkisi də adlandırmaq olar. Ermənistan üzərində Qərblə Rusiya arasında geosiyasi mübarizə baş tutdu. Etiraf etmək lazımdır ki, Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır. Baxmayaraq ki, Ermənistan avrointeqrasiya xətti götürüb, amma Rusiya və Ermənistan arasında ticarət dövriyyəsində böyük artım var. Bu artım postsovet ölkələri içində ən yüksək artım hesab olunur. Bunu səsləndirməkdə məqsədim odur ki, Ermənistan Rusiyadan asılılığını aradan qaldıra bilməyəcək. Ermənistanın bunun üçün resursları mövcud deyil. Digər tərəfdən, kənar dairələr bu istiqamətdə Ermənistana dəstək ola bilərlər. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına daxil olması məhdudlaşdırılarkən bir neçə kənar dairə Rusiyaya qarşı Ermənistana açıq dəstək ifadə etdi və maliyyə dəstəyi də göstərildi. Bundan sonrakı mərhələdə də Aİ Ermənistana dəstək olacaq.”
Politoloq Ermənistanın kənardan ala bilməyəcəyi dəstəyi də sadalayıb:
“Enerji daşıyıcıları ilə bağlı Avropanın ciddi dəstəyi mümkün deyil. Bu, Ermənistan iqtisadiyyatına mütləq şəkildə mənfi təsir göstərəcək.”
E. Mirbəşiroğlu Alen Simonyanın Ermənistan xalqının tam olaraq Paşinyana dəstək verməsi ilə bağlı açıqlamasını absurd adlandırıb:
“Bu, doğru fikir deyil. Nəticələr göz önündədir. 2018-ci il seçkilərində Paşinyan 70% səs toplamışdı, 2020-də bu faiz 54-ə düşdü və 2026 seçkilərini Paşinyan 49.8% səs yığa bildi. Bu isə o deməkdir ki, seçicilərin Paşinyana dəstəyi azalır və gələcəkdə bu nəticə Paşinyanın mövqelərini zəiflədəcək. Simonyanın yanaşmasının əksinə olaraq onu deyə bilərəm ki, 2018-ci il çevrilişindən sonra ilk dəfə olaraq Rusiya meylli qüvvələr bu dərəcədə açıq dəstək ala bildi. Hesab edirəm ki, Paşinyan gözlədiyi mütləq qələbəni qazana bilmədi.
Nurlan Cəfəri













